Ermənistanda yumurtanın qiyməti kəllə-çarxa çıxdı
28 Dekabr 2010 Çərşənbə Axşamı 11:20
Quşçuluq fabriklərinin sövdələşməsi bayram ərəfəsində əhalini çətin vəziyyətə salıb
Ermənistanda Yeni il bayramı ərəfəsində yumurtanın qiyməti kəskin şəkildə qalxıb. Ölkənin aparıcı ekspertləri hesab edirlər ki, buna səbəb yumurta bazarında mövcud olan monopoliyadır.

Ermənistanın İstehlakçılar Assosiasiyasının sədri Armen Poqosyan bildirib ki, bu gün Ermənistan bazarında bir neçə quşçuluq fabriki əsas yer tutur: “Onlardan ikisi isə ümumi bazarın 43 faizini təşkil edir. Mən istisna etmirəm ki, bu müəssisələr öncədən aralarında danışaraq məhsulun qiymətini qaldırıblar”.

Bundan başqa, Poqosyan xatırladıb ki, bu ilin may ayında yumurtanın qiyməti birdən-birə düşüb və bu zaman ərzində bu məhsulun istehsalçısı olan və ümumi bazarın 6 faizini təşkil edən bir sıra müəssisələr sıradan çıxıb.

İstehlakçılar Assosiyasiasının sədri deyir ki, bunu hansısa xəstəliklə bağlamaq mümkün deyil. Çünki Ermənistanın relyefi elədir ki, burada xəstəlik geniş yayıla bilməz. Poqosyan vurğulayıb ki, dekabr ayında ölkənin quşçuluq fabrikləri gündəlik 4500 ədəd yumurtanın əvəzinə, bazara 3 min ədəd yumurta çıxarırlar: “Belə bir vəziyyətdə hökumət artıq özü komissiyanın köməyi ilə durumu analiz edib, qeyri-qanuni rəqabətə görə lazımi sanksiyalar tətbiq etməli idi”.

Qeyd edək ki, İrəvanda toyuq yumurtasına ciddi defisit yaranıb. Hətta vəziyyət o yerə çatıb ki, bəzi vətəndaşlar yumurtanın bir ədədinin 120 drama (30 sent) almaq məcburiyyətində qalırlar. Onların bəziləri hətta bu qiymətə yumurtanı ehtiyat olaraq da alıblar. Ölkənin regionlarında isə yumurtanın bir ədədi 80-100 drama satılır. Halbuki, bu ilin yay aylarında Ermənistanda bu qiymətə onlarla yumurta almaq mümkün idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar