Ermənistanda uşaq bağçasında uşaqları girov saxlayıblar
19 Fevral 2013 Çərşənbə Axşamı 00:20
Prezidentliyə namizədin tərəfdarları bildiriblər ki, uşaqlar yalnız valideynləri səs verdikdən sonra buraxılacaqlar.
Ermənistanda fevralın 18-də keçirilən prezident seçkilərində misli görünməmiş hadisə baş verib. Bu məlumatı jurnalistlərə prezidentliyə namizəd Raffi Ovannisyanın seçki qərargahının nümayəndəsi Ovsen Xurşudyan verib.
O.Xurşudyan deyib ki, prezidentliyə namizəd Serj Sarkisyanın tərəfdarları 23 saylı uşaq bağçasından körpələri Arabkir administrasiyasının binasına gətiriblər. Prezidentliyə namizədin tərəfdarları bildirmişlər ki, uşaqlar yalnız valideynləri səs verdikdən sonra buraxılacaqlar. Xurşudyan deyib ki, səsvermə ilə əlaqədar qanun pozuntuları səhər saatlarından qeydə alınıb. Səhər saatlarında səs vermiş insanların pasportlarına vurulmuş möhürün rəngi adi nəm solfet kağızı ilə təmizlənir. Xurşudyan bunu əyani şəkildə jurnalistlərə göstərib.
Bununla yanaşı səsvermədə seçicilərə rüşvət verilməsi halları da qeydə alınıb. Kənd yerlərində vəziyyət daha acınacaqlıdır. Burada seçicilərə Serj Sarkisyanın adının qarşısında işarə qoyulmuş bülletenlər paylanıb.
Serj Sarkisyanın tərəfdarları hətta seçicilərə 5000 dram məbləğində pul paylayıblar.
Seçki saxtakarlığı bununla bitmir. Sarkisyanın tərəfdarları seçki məntəqələrinə əlavə siyahılar təqdim edirlər. Adları bu siyahılarda qeyd olunan şəxslərin isə böyük əksəriyyəti çoxdandır ki, xarici ölkələrdə yaşayırlar və Ermənistandan rəsmi qeydiyyatdan çıxıblar. Məsələn, İrəvan sakini Yurik Xlxikyan deyir ki, onun oğlu 7, qardaşı isə 10 ildir ki, Ermənistanda yaşamırlar və qeydiyyatdan da çıxıblar. O, bu barədə hələ ötən parlament seçkilərində polisə məlumat verdiyini bildirir. Amma buna baxmayaraq, onun qardaşının və oğlunun adları seçici siyahılarına salınıb və onların yerinə səs də veriblər.
Xurşudyanın sözlərinə görə, səsvermə ümumiyyətlə ciddi qanun pozuntuları ilə keçirilir və bu seçkilərdə misli görünməmiş saxtakarlıqlar qeydə alınıb.
Qanun pozuntuları ilə bağlı dairə və məntəqə seçki dairələrinə müraciət olunsa da, komissiyaların sədrləri bu iradları və müraciətləri qəbul etməyiblər.
Bu gün Ermənistanda etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: