Ermənistanda prezident seçkilərinə 2 gün vaxt qalıb. Ermənistan Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin çapını yekunlaşdırır və seçicilərin pasportlarına vurulacaq möhür üçün istifadə ediləcək mürəkkəbin keyfiyyətini yoxlayır.
MSK sədri Tiqran Mukuçyanın sözlərinə görə, ötən il parlament seçkilərində mürəkkəbin keyfiyyəti ilə bağlı tənqidlər nəzərə alınıb.
Ermənistan MSK-nın sədri Tiqran Mukuçyanın sözlərinə görə, mürəkkəbin ictimaiyyətə nümayiş etdirilməsinin məqsədi onun keyfiyyətinə şübhələri istisna etməkdir.
O bildirib ki, bu mürəkkəb seçicilərin pasportlarında möhür vurmaq üçün istifadə ediləcək: “2012-ci ilin mayında parlament seçkilərində seçicilər pasportlarında mürəkkəbin çox tez yox olmasından şikayətlənirdilər. Britaniyadan 2200 şüşə mürəkkəb almışıq. Bu dəfə Ermənistanın son 10 ildə fevral ayı üçün hava temperaturu da nəzərə alınıb, ona görə ümid edirik ki, heç bir problem olmayacaq”.
Ermənistan prezidenti postu uğrunda ölkənin hazırki prezidenti Serj Sarkisyan, Milli Özünütəyin Partiyasının sədri Paruyr Ayrikyan, sabiq baş nazir Azadlıq Partiyasının lideri Qrant Baqratyan, sabiq xarici işlər naziri, “Miras” partiyasının sədri Raffi Ovanisyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutunyan, Qondarma Dağlıq Qarabağ Respublikasının sabiq xarici işlər naziri Arman Melikyan və müstəqil namizədlər Andrias Qukasyan və Vardan Setrakyan mübarizə aparacaq.
Xatırladaq ki, Ermənistanda prezident seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyası bu gün başa çatacaq. Fevralın 18-də keçiriləcək seçkilərin nəticələri fevralın 25-də məlum olacaq.