Ermənistanda pensiyaçılar arasında intihar halları artır
01 Mart 2012 Cümə Axşamı 03:49
Bu ölkədə qafqazlılara məxsus adət-ənənələr olmasaydı, yaşlı insanlar arasında intihar halları bir neçə dəfə artıq olardı.
Ermənistanda iqtisadi böhranın dərinləşməsi, mövcud sosial vəziyyətin ağırlığı, işsizlik səviyyəsinin yüksəlməsi, erməni ailələrinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması ölkə əhalisi arasında intihar hallarının artmasına səbəb olub. Son vaxtlar isə həyatına qəsdetmə hallarına pensiyaçılar arasında daha çox təsadüf edilməkdədir.
2011-ci ildə ölkədə 647 intihar hadisəsi qeydə alınıb. Özlərinə qəsd edənlərin sayı 2009-cu illə müqayisədə 30 faiz artıb. İntihar hadisələrinin 57 faizi 30-65 yaşlı işsizlərin payına düşür. Əlbəttə, bu, dövlət statiska idarəsi tərəfindən elan olunan rəsmi məlumatdır. Qeyri-rəsmi mənbələrə görə, ölkədə intihar hadisələrinin sayı həmin rəqəmdən qat-qat yüksəkdir. Yaşı 65-dən yuxarı olan pensiyaçılar arasında intihar hadisələrinə daha tez-tez rast gəlinir. Bu hal ildən-ilə daha acınacaqlı vəziyyət almaqdadır.
Bu məsələyə münasibət bildirən erməni psixoloqları etiraf edirlər ki, intihar edənlər gələcəyə ümidi olmayan, ölkədə sürətli bahalaşma ilə ayaqlaşa bilməyən insanlardır. Uşaqların yaşlı valideynlərinə qayğı göstərmək kimi qafqazlılara məxsus adət-ənənələr olmasaydı, yaşlı insanlar arasında intihar halları bir neçə dəfə artıq olardı.
Qeyri-rəsmi məlumatlara görə, yeni ilin ilk aylarında bu ölkədə işsizlik 6 faiz artıb. Digər tərəfdən isə iqtisadi tənəzzül, dolanışıq xərclərinin getdikcə artması son vaxtlar ailə əlaqələrinə ciddi təsir göstərməyə, həmin ənənələrin də zəifləməsinə səbəb olub. Bu isə öz növbəsində intihar dalğasının getdikcə daha çox ahıl adamları əhatə edəcəyindən xəbər verir.
DOSTLARINLA PAYLAŞ: