Ermənistanın paytaxtı İrəvanda müxalifətin etirazları yenidən qızışmağa başlayıb. Mitinq Matenadaran meydanında olub. Bir müddət sonra isə müxalifətin lideri Levon Ter-Petrosyan, Ermənistan Xalq partiyasının lideri Stepa Dəmirçinyan, Respublika Partiyasının rəhbəri Aram Sarkisyan, EMK-nin nümayəndəsi Aram Şaxnazaryanda qoşulublar. Petrosyan tribunaya qalxaraq, xalqı nümayişə səsləyib. O, hakimiyyətin ölkəni uçuruma aparıdığını və növbəti addım kimi Qarabağı qaytaracağını bəyan edib. Ter-Petrosyan bu günki mitinqin 4 əsas məsələ üzərində qurulduğunu deyib. Ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsi, 7 siyasi məhbusun işinin hələ bağlanmaması, erməni-türk dialoqunun dərinləşməsi və İrəvanda mer seçkilərinə hazırlıq. Onun sözlərinə görə, müxalifətin ölkədəki iqtisadi vəziyyətin pisləşməsi ilə dedikləri düz çıxıb. Mitinqdən cəmi 3 gün sonra dramın devalvasiyasi baş verib. O, müxalifətin növbəti geniş mitinqinin mayın 15-də keçiriləcəyini bildirib. 2 saatdan sonra mitinq Şimal prospektinə doğru yürüşlə nəticələnib və daha çox insan qoşulub. Qeyd edək ki, bu dəfə də Şimal prospekti polislər tərəfindən blokadaya alınıb. İrəvan meriyası mitinqə icazə versə də, yürüş barədə heç bir məlumat verilməyib. /ANS TV/