Ermənistanda müxalifət mitinqi.
01 Mart 2009 Bazar 19:00
Ermənistan müxalifəti martın 1-də İrəvanın “Matenadaran” meydanında mitinq keçirib.
Ermənistan KİV-in verdiyi məlumata görə, 2008-ci il 1 mart hadisələrinin ildönümünə həsr olunmuş aksiya son anda polislə razılaşdırılıb.
 
Meydanı əhatəyə alan polislər əvvəlcə aksiya iştirakçılarını əraziyə buraxmaq istəməsələr də, müxalifətçilərin axını hökumət qüvvələrini geri addım atmaq, aksiyanın keçirilməsinə razılıq vermək məcburiyyətində qoyub.

Mitinq 1 il əvvəl baş vermiş hadisələrdə həlak olanların xatirəsinin 1 dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Aksiyada çıxış edən müxalifətin və Erməni Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyan Ermənistan hakimiyyətini kəskin tənqid edib. O, ötən 1 il ərzində Ermənistan hakimiyyətinin insanlarının hüquqlarının təmin olunmasında, demokratiyanın inkişafında heç bir addım atmadığını, beynəlxalq təzyiqlərə baxmayaraq, siyasi məhbusların azadlığa buraxılmadığını, 1 il əvvəl baş vermiş qanlı olayların günahkarlarının tapılaraq cəzalandırılmadığını vurğulayıb. Bununla belə, Petrosyan müxalifətin inqilab etmək, fasiləsiz etiraz aksiyaları keçirmək və digər radikal addımlar atmaq niyyətində olmadığını da söyləyib: “Buz zorla qəsb edilmiş hakimiyyətin zorla devrilməsinin əleyhinəyik. Bizim yolumuz – konstitusion mübarizədir. Biz qanuni prezident seçkilərinin keçirilməsinə nail olacağıq. Bu hakimiyyət tezliklə öz-özünə məhv olacaq, müxalifətə birgə hökumət qurmağı təklif edəcək”.

L. Ter-Petrosyan müxalifətin növbəti aksiyasının mayın 1-də keçiriləcəyini elan edib.

Qeyd edək ki, ötən il fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkilərində Serj Sarqsyanın qalıb elan olunmasına etiraz edən müxalifətin martın 1-də keçirilmiş aksiyasının hökumət qüvvələri tərəfindən dağıdılması zamanı 10 nəfər öldürülüb, 250-dən çox insan isə yaralanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar