Ermənistanda mürəkkəb qalmaqalı
16 Fevral 2013 Şənbə 12:37
Ermənistan MSK seçki bülletenlərinin çapını yekunlaşdırır və seçicilərin pasportlarına vurulacaq möhür üçün istifadə ediləcək mürəkkəbin keyfiyyətini yoxlayır.
Ermənistanda prezident seçkilərinə 2 gün vaxt qalıb. Seçkiyə hazırlıq prosesi yekunlaşmaq üzrədir. Ölkə üzrə 41 seçki dairəsində 1988 seçki məntəqəsi yaradılıb. Ermənistan Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin çapını yekunlaşdırır və seçicilərin pasportlarına vurulacaq möhür üçün istifadə ediləcək mürəkkəbin keyfiyyətini yoxlayır. MSK sədri Tiqran Mukuçyanın sözlərinə görə, ötən il parlament seçkilərində mürəkkəbin keyfiyyəti ilə bağlı tənqidlər nəzərə alınıb.
"Mürəkkəbin ictimaiyyətə nümayiş etdirilməsinin məqsədi onun keyfiyyətinə şübhələri istisna etməkdir. Bu mürəkkəb seçicilərin passportlarında möhür vurmaq üçün istifadə ediləcək. 2012-ci ilin mayında parlament seçkilərində seçicilər passportlarında mürəkkəbin çox tez yox olmasından şikayətlənirdilər. Britaniyadan 2200 şüşə mürəkkəb almışıq. Bu dəfə Ermənistanın son 10 ildə fevral ayı üçün hava temperaturu da nəzərə alınıb, ona görə, ümid edirik ki, heç bir problem olmayacaq", - Tiqran Mukuçyan belə deyib.
Ermənistan prezidenti postu uğrunda ölkənin hazırki prezidenti Serj Sarkisyan, "Milli Özünütəyin Partiyası"nın sədri Paruyr Ayrikyan, sabiq baş nazir, "Azadlıq" partiyasının lideri Qrant Baqratyan, sabiq xarici işlər naziri, "Miras" partiyasının sədri Raffi Ovanisyan, "Milli Həmrəylik" partiyasının lideri Aram Arutyunyan, Qondarma Dağlıq Qarabağ Respublikasının sabiq xarici işlər naziri Arman Melikyan və müstəqil namizədlər Andrias Qukasyan və Vardan Setrakyan mübarizə aparacaq.
Xatırladaq ki, Ermənistanda prezident seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyası yanvarın 21-də başlayıb və bu gün başa çatacaq. Fevralın 18-də keçiriləcək seçkilərin nəticələri fevralın 25-də məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: