"Ermənistanda milli və dini zəmində dözümsüzlük var"
21 Sentyabr 2011 Çərşənbə 12:08
AŞ Ermənistan hakimiyyətinə antisemitizm, ksenofobiya və ya irqi ayrıseçkiliklə bağlı qətiyyətli addımlar atmağı tövsiyə edir
Avropa Şurası Ermənistana milli və dini zəmində dözümsüzlük təzahürləri ilə mübarizədə daha qətiyyətli tədbirlər görməyi tövsiyə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avropa Şurasından məlumat verilib.
“Avropa Şurasının Ermənistan üzrə Məşvərətçi Komitəsinin çərçivə konvensiyasında milli azlıqların vəziyyəti ilə bağlı kürdlər və yezidilər arasında gərginlik və dözümsüzlük qeyd edilir. Milli azlıq təşkil edən yezidilər dözümsüzlük obyekti olaraq qalmaqda davam edirlər”, - deyə AŞ-dan qeyd edilib.
Bundan başqa, konvensiyada qeyd edilir ki, Ermənistanda ictimai radio və televiziya xidmətləri milli azlıqlar üçün nəzərdə tutulmuş proqramları yayımlamaqda davam etsələr də, hakimiyyət və cəmiyyət, yəhudi azlığı nümayəndələrinin şikayətlərinə baxmayaraq, bir sıra KİV, o cümlədən ALM TV tərəfindən antisemit fikirlərə lazımi səviyyədə reaksiya verməyib.
“Məşvərətçi Komitə həmçinin 2005, 2006 və 2007-ci illərdə İrəvanın mərkəzində yerləşən parklardan birində Holokost qurbanlarına ucaldılmış memorialın qarşısında törədilmiş çoxsaylı vandalizm aktları haqqında məlumat əldə edib. Belə faktlar hakimiyyətin təcili və adekvat reaksiyasını tələb edir”, - deyə AŞ-ın çərçivə konvensiyasında bildirilir.
Bundan başqa, AŞ şəxsiyyətin identifikasiyası üzrə sənədlərin rəsmiləşdirilməsi zamanı Rusiya, Belarus və Ukrayna milli azlıqlarının diskriminasiyasını qeyd edir. Xüsusən, Rusiya, Belarus və Ukrayna milli azlıqlarının nümayəndələri olan şəxslərə verilən doğum və nikah haqqında şəhadətnamələrdə, şəxsiyyətin identifikasiyası sənədlərində ataların adlarının transkripsiyasının mövcud təcrübəsi bu dillərin qrammatika qaydalarını nəzərə almır və ataların adlarına “-oviç”, “ovna”, “iyeviç”, “iyevna”, “iç” və “ivna” şəkilçilərini əlavə etməyə imkan vermir. Bu şəxslərin atalarının adları erməni dilinin qrammatika qaydalarına əsasən “i” şəkilçisi ilə yazılır ki, bu da çərçivə konvensiyasının prinsiplərinə uyğun deyil.
“Məşvərətçi Komitə həmçinin hesab edir ki, Ermənistanda yerli idarəetmə sistemində dəyişikliklərin həyata keçirilməsi üzrə planlar milli azlıq təşkil edən assur və yezidilərin yerli qərarlara təsir etmək imkanlarını məhdudlaşdıra bilər. Belə qərar milli azlıqların nümayəndələrinin yerli səviyyədə ictimai həyatda faktiki iştirakına qərəzli münasibətlə əlaqədar ola bilərdi”, - deyə çərçivə konvensiyasında qeyd edilir.
AŞ Ermənistan hakimiyyətinə belə pozuntuların aradan qaldırılması və araşdırılması, antisemitizm, ksenofobiya və ya irqi ayrıseçkilik zəminində cinayət törətmiş şəxslərin məhkəmə qaydası ilə təqib olunması üzrə qətiyyətli addımlar atmağı və cəmiyyətdə bu cür hadisələrə daimi nəzarət üçün şərait yaratmağı tövsiyə edir.
DOSTLARINLA PAYLAŞ: