Ermənistanda mer seçkisinin nəticələri
08 İyun 2009 Bazar Ertəsi 12:45
Ermənistan Respublika Partiyası səslərin 46,1%-ni toplayaraq seçkidə birinci yeri tutub

 

Ermənistan Mərkəzi Seçki Komissiyası İrəvan Ağsaqqallar Şurasına (meriyasına) keçirilmiş seçkinin yekun nəticələrini şənbə günü axşam keçirdiyi növbədənkənar iclasında açıqlayıb. ANSPRESS-in “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata əsasən, hakimiyyətdə olan Ermənistan Respublika partiyası səslərin 46,1%-ni toplayaraq birinci yeri tutub.

İkinci və üçüncü yerləri isə “Çiçəklənən Ermənistan” və müxəlifətdə olan Erməni Milli Konqresi tutub.  "Daşnaksütyun" partiyası daha az- 6% səs toplayıb və bu səbəbindən Şuraya seçilməyib. 

Qeyd edək ki, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan seçkidən dərhal sonra seçki prosesi zamanı baş verən çoxsaylı qanun pozuntularını əsas gətirərək, seçki prosesini qeyri-qanuni hesab edib və partiyasının əldə edəcəyi mandatlardan imtina edib.
Xatırladaq ki,  heyəti 65 nəfərdən ibarət olacaq Ağsaqqallar Şurasına seçki mayın 31-də keçirilib.  Qaydaya əsasən ən çox səs toplamış partiyanın seçki siyahısındakı birinci şəxs birbaşa İrəvan şəhərinin meri olacaq. Bu, isə elə hazırda fəaliyyətdə olan İrəvan meri Qaqik Beqlaryandır. Belə ki, o, seçkidə qalib gəlmiş Respublika Partiyasının seçki siyahısında birinci yerdədir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar