Ermənistanda klanlararası davanın yeni mərhələsi
10 İyul 2013 Çərşənbə 23:51
Serj Sarkisyan hakimiyyətdaxili qruplaşmaları barışdırmağa çalışır.
Ermənistanda hakimiyyəti ələ keçirmiş «Qarabağ klanı»nın korrupsiya imkanları genişləndikcə, qruplararası münaqişələr də güclənir. ANS PRESS «Joxovurd» qəzetinə istinadən bildirir ki, bu məsələ hətta bu yaxınlarda hakim Respublika Partiyasının icra qurumunun iclasında da müzakirə edilib. Prezident Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanla yetərincə kəskin danışıb və ondan Ermənistan parlamentinin spikeri Ovik Abramyanın qardaşı Conik Abramyana qarşı hücumları dayandırmağı tələb edib. Sarkisyan bildirib ki, Maliyyə Nazirliyinin müfəttişlərini Conikin üzərinə göndərməyin heç bir əsası yoxdur. «Utanmırsınız ki, bir-birinizə qarşı bu cür əməllər edirsiz?»- deyə Serj Sarkisyan söyləyib.
Söhbətin məğzində isə Ermənistanın Ararat vilayəti üçün ayrılmış subsidiyalı dizel yanacığını 70 faizinin Ovik Abramyanın qardaşı Conik Abramyan tərəfindən ələ keçirilməsi durur. Maliyyə Nazirliyinin xüsusi inspeksiyası bu barədə faktlar da ələ keçirib. Məsələn, Ararat vilayətinin Mxçyan kəndində spikerin qardaşı üçün 48 min litr yanacağın ayrılması barədə sənədlər əldə edilib və bu barədə cinayət işi qaldırılıb. Nazirliyin inspeksiyası Ermənistanın daha üç bölgəsində yoxlamalara başlayıb ki, bu barədə qanun pozuntularını aşkarlasın.
Qeyd edək ki, oxşar münaqişə 5 gün öncə Ovik Abramyanla Ermənistan Hesablama Palatasının sədri İşxan Zakaryan arasında baş vermişdi. Onda da məsələyə Ermənistan prezidenti qarışmışdı. Serj Sarkisyan İşxan Zakaryanı kəskin tənqid etmişdi və demişdi ki, onun hesabatı və səsləndirdiyi qiymətləndirmələr uydurmadır.
Lakin bununla belə, bir sıra ekspertlər Ovik Abramyana qarşı yönələn bu hücumların arxasında məhz «Qarabağ klanı»nın, o cümlədən bu klanın başçısı Serj Sarkisyanın durduğunu bildirirlər. Məsələ bundadır ki, Ovik Abramyan «Qarabağ klanı»nın üzvü deyil və yerli əhalini təmsil edir. Son illərdə o, yerli əhalidən olan nüfuzlu və imkanlı, Rusiyanın yuxarı dairələri ilə əlaqələrə malik ailələrlə qohum olaraq güclənib. Bu isə hakim «Qarabağ klanı»nı qoxudur. Klan təmsilçiləri Ovik Abramyanın Rusiyanan yardımı ilə hakimiyyətə gələcəyindən qorxurlar və bəri başdan onu zərərsizləşdirməyə çalışırlar.
DOSTLARINLA PAYLAŞ: