2009-cu ilin birinci yarısında Ermənistanda cinayətkarlığın səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 71% artıb. APA-nın “Novosti Armenii” saytına istinadən xəbərinə görə, bu sensasion bəyanatla Ermənistan polisinin rəisi Alik Sarqsyan çıxış edib.
Onun sözlərinə görə, 2009-cu ilin ilk yarısında Ermənistanda 6849, 2008-ci ilin ilk yarısında isə 3998 cinayət hadisəsi qeydə alınıb: “Bu göstəriciləri müqayisə edərkən deyə bilərəm ki, cinayətkarlığın səviyyəsi presedentsiz səviyyədə artıb. Amma mən buna sakit baxıram, qeyri-adi nəsə görmürəm. Çünki cinayətkarlıq sosial hadisədir və cinayətkarlığın sosial kökləri var”.
A.Sarqsyan deyib ki, cinayətkarlıq hər zaman olub və olacaq: “Əsas məsələ cinayətkarlıqla effektiv mübarizə aparmaqdır. Deyə bilərəm ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılma səviyyəsi də 10% artıb”.
APA