Ermənistan və Türkiyə sahibkarları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Sənəd iki ölkənin sahibkarları arasında əlaqələrin aktivləşdirilməsini, sərhədlərin açılmasının işgüzar dairələr tərəfindən lobbiləşdirilməsini nəzərdə tutur.
Bu gün İrəvanda Ermənistan və Türkiyə sahibkarları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Ermənistanın “Armenia Today” agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün Ermənistan paytaxtında Ermənistan və Türkiyə sahibkarlarının biznes-forumu işə başlayıb. Forum sabah da öz işini davam etdirəcək. Memorandum da məhz bu tədbir çərçivəsində imzalanıb.

Sənəd iki ölkənin sahibkarları arasında əlaqələrin aktivləşdirilməsini, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasının işgüzar dairələr tərəfindən lobbiləşdirilməsini nəzərdə tutur. Ermənistan tərəfindən bu vəzifəni Sənayeçilər və Sahibkarlar İttifaqı, Türkiyə tərəfdən isə Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurası (TABDC) yerinə yetirəcək.

Qeyd edək ki, adı çəkilən təşkilatlar sözügedən məsələlərlə bağlı bir neçə ildir əməkdaşlıq edir. Onlar USAID-in “Türkiyə-Ermənistan yaxınlaşmasına kömək” proqramı çərçivəsində tərəfdaşlıq edirlər. TABDC 1997-ci ildə qurulub. Onun həmsədrləri Türkiyə tərəfdən Kaan Soyak, Ermənistan tərəfdən Arsen Qazaryandır. Kaan və Noyan Soyak qardaşları Rusiya, Avropa və ABŞ-dakı erməni diasporları ilə sıx əlaqəyə malikdirlər. bacarıqlı iş adamı kimi tanınan və əsasən daşımaçılıqla məşğul olan Soyak qardaşları TABDC-ni Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyanın böyük qardaşı Telmanın tövsiyəsi ilə yaradıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar