Ermənistan qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır?
29 Avqust 2011 Bazar Ertəsi 14:36
Müxalif qüvvələri təkid etsələr də, hakim partiya hələlik bunun vaxtı olmadığını deyirdi
Ermənistan rəhbərliyi qondarma Dağlıq Qarabağ respublikasının sentyabrın 2-də keçiriləcək XX "ildönümü" ərəfəsində yenidən bu rejimin tanınması ilə bağlı iddialarını ortaya qoyub. Ermənistan prezidenti Serj Sarkisyan növbəti bəyanatında deyib ki, Dağlıq Qarabağın müstəqilliyi nə qədər tez tanınsa, bir o qədər yaxşı olar. O deyib ki, məqsəd Dağlıq Qarabağın heç bir vaxt Azərbaycanın tərkibində olmamasına nail olmaqdan ibarətdir. Sarkisyanın fikrincə, Dağlıq Qarabağ xalqı beynəlxalq hüquq qaydalarına görə öz müqqəddaratını təyin etmə hüququna malikdir.
Sarkisyandan əvvəl isə Ermənistanın vitse-spikeri Samvel Nikoyan oxşar bəyanatla çıxış edib. O bildirib ki, münaqişənin nizamlanması prosesində irəliləyiş olmasa, Dağlıq Qarabağın "müstəqilliyi" təhlükə altında olacaq və o zaman Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini" tanıyacaq. Nikoyanın fikrincə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmayacaq.
Ekspertlər isə hesab edir ki, Ermənistanın belə addım atacağı inandırıcı görünmür. Politoloq Aydın Mirzəzadə deyir ki, sadəcə olaraq, Sarkisyan separatçı rejimin elan edilməsinin XX illiyi faktına dünyanın diqqətini cəlb etməyə çalışır. Onun fikrincə, əgər Ermənistan belə bir şey etmiş olarsa, o özünü böyük bir fəlakətə düçar etmiş olacaq.
“Birinci növbədə o, dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının fərqindədir. Belə bir addım atarsa, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanın mövqeyini müdafiə etməsi qeyri-mümkündür. Digər tərəfdən BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş ərazi kimi göstərilir”, - deyə politoloq vurğulayıb.
Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistan həmin ərazini müstəqil qurum kimi tanıyarsa, onda o, BMT və onun qurumları ilə üz-üzə gəlmiş olacaq. Politoloq yenidən gündəmə gətirilən bu iddiaları Ermənistan rəhbərliyinin daxilə hesablanmış siyasətilə əlaqələndirir. “Hesab edirəm ki, bu, sadəcə Ermənistan cəmiyyətini Sarkisyan və onun tərəfdarlarının ölkəni idarə edə bilməməsindən uzaqlaşdırmağa yönəlmiş şoudur”.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan dəfələrlə bəyan edib ki, əgər Azərbaycan hərbi güc tətbiq etsə, Ermənistanın Dağlıq Qarabağı tanımaq və onun təhlükəsizliyini təmin etməkdən başqa seçimi olmayacaq.
DOSTLARINLA PAYLAŞ: