Ermənistan parlamenti gülləboran ediləcək?
02 Oktyabr 2009 Cümə 18:25
Vəfa Quluzadə: "Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı nəzərdə tutan protokollar imzalanansa, 1999-cu ildəki hadisələr təkrarlana bilər"
«Türkiyə-Ermənistan yaxınlaşmasını nəzərdə tutan protokolların imzalanacağı hələ məlum deyil. Düşünürəm ki, bu protokollar imzalansa, Ermənistanı 1999-cu il İstanbul sammitindən sonrakı taleyi gözləyir». Bunu ANS PRESS-ə «Xəzər» Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib. Onun sözlərinə görə, məhz İstanbul sammitindən sonra Ermənistan parlamenti silahlı şəxslər tərəfindən gülləboran edilib: «Çünki bu sammitdən sonra Ermənistan sülh sazişinin imzalanmasına yaxın idi. İnanıram ki, bu dəfə də Türkiyə ilə Ermənistan arasında hər hansı yaxınlaşma olarsa, mütləq yenidən bu ssenari təkrarlanacaq. Bunun üçün də heç kəs təminat verə bilməz ki, bu protokollar imzalanacaq».
Serj Sarkisyanı separatçı və quldur adlandıran politoloq deyib ki, erməni diaspora üzvlərinin Sarkisyanla görüşməməsinin səbəbi müxtəlifdir: «İlk növbədə Rusiya Ermənistanın Türkiyəyə yaxınlaşmasının və Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarı deyil. Rusiya tam olaraq bunun əleyhinədir. Ermənistan parlamentində isə bir çox Rusiyayönlü partiyalar təmsil olunur. Bu qərara böyük etiraz nümayiş etdirənlər də elə bu qüvvələrdir».
V.Quluzadə deyib ki, erməni diasporunun Sarkisyanla görüşməməsinin ikinci səbəbi həmin bu protokollarda «erməni soyqırımı» məsələsinin yer almamasıdır: «Bu sənədlər imzalanarsa, «erməni soyqırımı» məsələsi də arxivə verilmiş olacaq. Digər tərəfdən Ermənistanda bir çox siyasi qüvvələr Türkiyənin ərazi bütövlüyünü tanımır. Əgər bu protokollar imzalanarsa, belə çıxır ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü də tanımış olacaq».
Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki dövlət arasında uzun müddətdir bağlı olan sərhədlərin açılması istiqamətində aparılan danışıqlara nəticə əldə etmək üçün Ermənistan prezidenti Serj Sarkisyan bu gün turneyə çıxıb. Bu turne çərçivəsinlə o, erməni lobbisinin üzvləri ilə görüşlər keçirəcək. Sarkisyanın ilk görüşlərinin Fransada olacağı nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: