Ermənistan "ölüm-dirim" dilemması qarşısındadır
25 Avqust 2011 Cümə Axşamı 19:39
Mübariz Qurbanlı: "İşğalçı dövlətin hakimiyyəti bütün qonuşlarla münasibətləri korlayıb"
“Serj Sarkisyanın ABŞ-a buraxılmaması ilə bağlı erməni diasporunun fəaliyyəti gözlənilən idi. Bütün bunlar Sarkisyan rejiminin siyasətinin məntiqi nəticəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Sarkisyan Ermənistanı elə vəziyyətə gətirib çıxarıb ki, bu ölkə “ölüm-dirim” dilemması qarşısındadır. Onun sözlərinə görə, işğalçı dövlətin hakimiyyəti bütün qonuşlarla münasibətləri korlayıb. Belə ki, Azərbaycanın ərazilərini işğal edilib, Türkiyə ilə heç bir diplomatik əlaqələr yoxdur, Gürcüstanla da problemlər var. Hətta Rusiyanın bəzi dairələri tərəfindən Ermənistanın yeritdiyi siyasət anlaşılmır.
“Yəni Ermənistanın indiki hakimiyyəti vassal olmaqla özünün sərsəm hərəkətləri ilə bölgədə Ermənistan üçün təhlükəli vəziyyət yaradır. Ermənistandan insanların kütləvi axını erməni diasporunu narahat etməkdədir. Ona görə də, onlar Sarkisyan rejiminin əleyhinə addımlar atırlar. Amma nəzərə alınmalıdır ki, Ermənistanın dirçəlişi işğalçılıq siyasətindən əl çəkməsindən asılıdır. Bu dövlət Azərbaycanın 20 faiz ərazisini işğal edib. Buna baxmayaraq Azərbaycanın siyasəti nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb, iqtisadi cəhətdən dərin böhran içərisindədir, əhalinin sosial durumu ağırdır. İşğal siyasəti davam etdikcə, Ermənistanın vəziyyəti düzəlməyəcək. Hesab edirəm ki, erməni diasporu bu reallığa da diqqət yetirməlidir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: