Ermənistan müxalifəti növbədənkənar seçkilərin keçirilməsini tələb edir
19 Fevral 2011 Şənbə 00:43
Levon Ter-Petrosyan: “Ərəb ölkələrindəki sosial qiyamlar tez və ya gec Ermənistana da çatacaq”.
Ötən gün İrəvanda keçirilən mitinqdə Ermənistanda növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələb edilib. Erməni Milli Konqresinin təşkilatçılığı ilə keçirilən mitinqdə çıxış edən ölkənin birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, Ermənistandakı hadisələrin arzuolunmaz inkişafından qaçmağın yeganə yolu növbədənkənar seçkilərin keçirilməsidir. Onun sözlərinə görə, növbədənkənar prezident və parlament seçkiləri nəinki siyasi tələbatdır, hətta, xalqın və dövlətin mövcudluq problemidir.

Ermənistanın ilk prezidenti hesab edir ki, Ermənistandakı hazırkı vəziyyət sosial etiraz və vətəndaş fəallığı təzahürləri ilə xarakterizə olunur. Onun fikrincə, ərəb ölkələrindəki sosial qiyamlar tez və ya gec Ermənistana da çatacaq: “Ermənistan da Tunis, Misir, Bəhreyn, Yəmən və s. ölkələr kimi ağır sosial-iqtisadi vəziyyətdədir. Ermənistan hakimiyyəti də daha az avtoritar və mənfur deyil”.

Levon Ter-Petrosyan xatırladıb ki, ərəb ölkələrindəki hadisələr müxalifət qüvvələri tərəfindən idarə olunmayıb və öz-özünə inkişaf edib: “Əgər mövcud hakimiyyət bu hadisələrdən dərs götürməsə, bunlar Erməstanda da təkrarlana bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar