Ermənistan MSK prezident seçkilərinin ilkin nəticələrini açıqladı
19 Fevral 2013 Çərşənbə Axşamı 11:15
Serj Sarkisyan səslərin 58.64%-ni toplayaraq liderlik edir.
Ermənistanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini təqdim edib. Ölkənin hazırki prezidenti Serj Sarkisyan 1988 seçki məntəqəsində seçicilərin 58.64%-nin səsini toplayaraq, üstünlüyü ələ alıb. Onun ən yaxın rəqibi Raffi Ovannisyan isə 36.74% səslə ikinci yerdədir. MSK-nın iclasında təqdim edilmiş rəqəmlər belədir:
Serj Sarkisyan - 861.378 yaxud 58.64%
Raffi Ovannisyan - 539.674 yaxud 36.74%
Qrant Baratyan - 31643 yaxud 2.15%
ParuyrArikyan - 18093 yaxud 1.23%
Andreas Qukasyan - 8328 yaxud 0.57%
Arman Melikyan - 3520 yaxud 0.24%
Vardan Sedrakyan - 6203 yaxud 0.42%
Seçkinin ilkin nəticələri elan edildikdən sonra Ermənistan prezidenti Serj Sarkisyan ictimaiyyətə müraciət edərək minnətdarlığını bildirib. "Bu seçkilər bir daha sübut etdi ki, xalqımız ən məsuliyyətli məqamlarda birləşə və düzgün qərarlar verə bilər", - Serj Sarkisyan belə deyib.
Qeyd edək ki, səsvermədə 1 milyon 521 min 407 nəfər iştirak edib. Başqa sözlə desək, seçici fəallığı 60 faiz təşkil edib. Seçki prosesini MDB, ATƏT və Avropa Birliyi Parlament Assambleyasının üzvləri də daxil olmaqla, 12 xarici təşkilatdan 632 nümayəndə izləyib.
Seçkilərin gedişi zamanı qanun pozuntularının baş verməsi ilə bağlı namizəd partiyaların qərargahları tərəfindən məlumatlar yayılıb. Lakin Ermənistan prokurorluğu rəsmi şəkildə heç bir qanun pozuntusu ilə bağlı müraciətin olmadığını vurğulayıb. Seçki prosesi zamanı təkrar səsvermə, başqasının yerinə səsvermə, seçicilərin komissiya tərəfindən qeydiyyatdan keçirilməməsi və sairə kimi 15 qanun pozuntusu faktının aşkarlanması ilə bağlı bəzi iddialar səsləndirilib. Ermənistan MSK-nın məlumatına görə, 50 min 992 seçici bülleteni etibarsız sayılıb.
Qeyd edək ki, Ermənistanda prezidenti seçkilərinin rəsmi nəticələri fevralın 25-i elan ediləcək.
DOSTLARINLA PAYLAŞ: