Ermənistan ilə Türkiyə arasında sürpriz proseslər ola bilər
10 İyul 2010 Şənbə 18:50
Məqsəd Qarabağ probleminə görə kilidlənən dialoqa yenidən başlamaqdır.
İrəvan ilə Ankara arasında aparılan məxfi danışıqlar müsbət nəticələnərsə, yaxınlarda bəzi önəmli qərarlar açıqlana bilər. Azadlıq radiosunun Türkiyənin "Posta" qəzetinə istinadən verdiyi məlumata görə, məqsəd Dağlıq Qarabağ probleminə görə kilidlənən dialoqa yenidən başlamaqdır.
Bir müddət əvvəl Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan XİN İcra Aparatının rəhbəri Firidun Sinirlioğlunu İrəvana göndərərək, prosesin yenidən başlanmasına çalışmışdı. Ancaq İrəvandakı görüşlərdə arzu olunan nəticə əldə edilməmişdi.
Yəhudi lobbisi və İsrail ilə yaranan problemlərin ABŞ Konqresində yeni bir "erməni layihəsi"nə təkan vermə ehtimalı Ankaranı narahat edir. Yəhudi lobbi təşkilatları bundan sonra ermənilərlə olan problemlərdə Türkiyəni dəstəkləməyəcəklərini açıq şəkildə bəyan etmişdi…
Türkiyənin reaksiyasına baxmayaraq, ABŞ Dövlət katibi Hillari Klintonun keçən həftə Ermənistanda "Soyqırımı abidəsi"ni ziyarət etməsi ABŞ-da mümkün qasırğanın ilk işarələri kimi qiymətləndirilir. Odur ki, Türkiyə Ermənistanla münasibətlərdə görülə biləcək işləri analiz edir. Digər tərəfdən, AKP hökuməti referendum və seçki öncəsi Ermənistan məsələsində cəsur addım atmaqda tərəddüd edir. Bilirlər ki, İrəvan və Vaşinqtonla bağlı jestlər CHP və MHP tərəfindən çox sərt tənqid olunacaq.
Bu ərəfədə türklərlə erməniləri yaxınlaşdıracaq iki böyük tədbir keçirilməlidir. Birincisi, Türkiyə və Ermənistandan 65 gənc musiqiçi bir yerə toplaşacaq. Nvart Andreasyan və Cem Mansurun dirijorluq etdiyi Türkiyə-Ermənistan Gənc Simfonik Orkestri 16 iyulda Camal Rəşid Rey adına salonda konsert verəcək.
Konstitusiya referendumundan sonra - 19 sentyabrda isə Vanda təmiri başa çatan Sur Xaç erməni kilsəsində mərasim keçiriləcək. Bu mərasimə dünyanın hər tərəfindən təxminən 5 min erməni qatılacaq.
Hökumət QHT-lərin də dəstəklədiyi bu iki tədbirdən ilhamlanaraq payızda önəmli qərarlar qəbul edə bilər. Bu prosesdə Bakını razı salmaq mümkün olarsa, Ankara sürpriz bir qərarla Ermənistan sərhədini aça bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: