Ermənistan hüquq-mühafizə təşkilatları həyəcan təbili çalır
11 Avqust 2011 Cümə Axşamı 11:49
“Hakimiyyəti qəsb edən hakimiyyət ölkəni polis dövlətinə çevirib
“Avqustun 9-u axşam Erməni Milli Konqresinin 7 gənc fəalı tutularaq polis şöbəsinə aparılıb. Avqustun 10-da isə məlum olub ki, onlara qarşı cinayət işi qaldırılıb”. Bu barədə Ermənistanın bir neçə hüquq-mühafizə təşkilatının yaydığı birgə bəyanatda bildirilir.

Bəyanata görə, polis əməkdaşları fəalları həm şöbəyə gətirəndə, həm də sonra döyüblər. Nəticədə onlar müxtəlif bədən xəsarətləri alıblar. Polis idarəsində hətta uşaqların vəkillərindən biri də zorakılığa məruz qalıb.

“Saxtalaşdırılmış seçkilər nəticəsində hakimiyyəti qəsb edən qruplaşma ölkəni mahiyyət etibarı ilə polis dövlətinə çevirib. Bu ölkədə qanun işləmir. Heç kim təhlükədən sığortalanmayıb. Özlərini müdafiə etməyə çalışanlar isə hədəfə tuş gəlir. Gənc uşaqların tez-tez zorakılığa məruz qalması, saxlanılması və polislər tərəfindən həbs olunması məhz bundan irəli gəlir. Biz – hüquq mühafizə təşkilatlarının nümayəndələri polislər tərəfindən həyata keçirilən zorakılığı və Konqresin 7 fəalına qarşı uydurma cinayət təqibinə başlanması cəhdlərini pisləyirik. Biz onların hamısının dərhal azad edilməsini və ədalətli araşdırma nəticəsində zor tətbiq edən və cinayət işi uyduran şəxsləri cəzalandırmağı tələb edirik”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bəyanat “Hüquq və Azadlıq Mərkəzi”, “Demokratiya naminə Gənclər”, Helsinki Vətəndaş Assambleyasının Erməni Komitəsi, “Asparez” jurnalist klubu və Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən hazırlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar