Ermənistan “Eurovision-2012”-də iştirak edəcəkmi?
17 May 2011 Çərşənbə Axşamı 00:25
Erməni tərəfi tələsmir, ermənilər isə müğənnilərini Bakıya göndərməyin əleyhinədir
Eldar Qasımov və Nigar Camalın “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbəsinin məntiqi nəticəsi olaraq, gələn il müsabiqə Azərbaycanda keçiriləcək. Azərbaycan təmsilçilərinin qələbəsindən dərhal sonra yeni müzakirələr başlayıb: Ermənistan təmsilçiləri Azərbaycana gələcəklərmi? “Azadlıq” radiosunun erməni redaksiyası bununla bağlı araşdırma aparıb.

Ermənistan İctimai televiziyasının Şura sədri Aleksan Arutyunyan bu barədə suala cavab vermək istəməyib və bildirib ki, “Eurovision” müsabiqəsi ilə bağlı hələlik şərh verilmir.

Avropa Yayım Şurasında “Eurovision”un icraçı prodüsseri Yon Ola Sand isə Cenevrədən telefonla bunları deyib: “Biz gözləyirik ki, Avropa Yayım Şurasının məsuliyyətli müttəfiqi olan ev sahibi tərəf Azərbaycana, Bakıya gedəcək hər bir nümayəndə heyətinin təhlükəsizliyini təmin edəcək. İstisna olmamalıdır”. Erməni tamaşaçıların, eləcə də, bayraqların və digər rəmzlərin olmasına gəlincə, Yon Ola Sand deyib: “Hər şey “Eurovision”da həmişə olduğu kimi olmalıdır. Azərbaycan üçün istisna hal nəzərdə tutulmur”.

Radionun əməkdaşları İrəvanın küçələrində ermənilərin də rəyini soruşublar. Sorğu zamanı yekdil mövqe ondan ibarət olub ki, müsabiqədə iştirak etməyə dəyməz. İrəvan sakinlərinin fikrincə, Ermənistan hökuməti müsabiqəyə vəsait sərf etməkdənsə, həmin pulları daha vacib problemlərin həllinə yönəltməlidir. Sorğu iştirakçılarından biri isə deyib ki, əgər “Eurovision”a siyasətdən kənar yanaşılsa, o zaman Ermənistan iştirak etməlidir. Amma mahnı müsabiqəsinin özünün də siyasi tərəfləri olduğundan, Ermənistan müğənnisinin “Eurovision-2012”-də iştirakı baş tutmayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar