Ermənistan BMT-ni tilsimə salıb?
19 May 2011 Cümə Axşamı 23:01
Təşkilat qaçqını olmayan Ermənistanda qaçqınlar üçün 1200 ev tikməyə hazırlaşır
Bakıda səfərdə olan BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bu gün mətbuat qarşısına çıxıb. Onun açıqlamaları da təəssüf doğurur. BMT qaçqını olmayan Ermənistanda qaçqınlar üçün ev tikməyə hazırlaşır. Hələ bu azmış kimi, dünya ölkələrini də Ermənistana yardım etməyə çağırır.

Antonio Quterreşin sözlərinə görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı müvafiq beynəlxaq qurumlara müraciət edib ki, Ermənistanda qaçqınlar üçün 1200 evin tikilməsi üçün müvafiq vəsait ayrılsın.

A. Quterreş bu addımın atılmasının səbəbini Ermənistan hökumətinin maliyyə ehtiyatlarının məhdudluğu ilə əlaqələndirib. Onun sözlərinə görə, hazırda rəsmi İrəvan öz gücünə bunu edə bilmir: “Ermənistanda hələ çoxlu sayda ailələr çox ağır şəraitdə yaşamağa davam edir. Ermənistan hökumətinin kifayət qədər vəsaitləri yoxdur, ona görə, biz dünya ictimaiyyətinə onlara yardımın göstərilməsi ilə bağlı müraciət etmək qərarına gəldik”.

A.Quterreş ilkin vaxtlarda Azərbaycanda da qaçqın və məcburi köçkünlərə yardım etməklə məşğul olduqlarını xatırladaraq, hazırda gördükləri işin Azərbaycan hökumətinin gördüyü işlə müqayisədə çox az olduğunu bildirib. O bəyan edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nə Qarabağda, nə də ki, işğal olunmuş digər ərazilərdə heç bir fəaliyyəti aparılmır. BMT nümayəndəsi həmçinin deyib ki, siyasi yolla məsələnin həllinə qədər bu cür fəaliyyət aparılmayacaq.

Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək səviyyədə qiymətləndirən komisar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra da qurumun Azərbaycana əlindən gələn yardımı etmək niyyətində olduğunu də qeyd etdi.

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə BMT ali komissarının səfərinin humanitardan çox, siyasi əhəmiyyətə malik olduğunu vurğulayıb. Çünki dünya Azərbaycanın məcburi köçkünlərinin problemlərindən xəbər tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar