Ermənisayağı xoşbəxtlik
26 Mart 2013 Çərşənbə Axşamı 10:20
Sorğuya görə, bu ölkənin əhalisinin 67 faizi xoşbəxt yaşayır, digər göstəricidə isə 60 faiz yaşayışından razı deyil.
Sən demə Ermənistan vətəndaşları çox xoşbəxt imişlər. Xüsusi sorğu keçirən Avropa Birliyi belə hesab edir. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, AB sorğunu 7 ölkədə - Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynada keçirib. Məqsəd isə bu ölkədə yaşayanların əhval-ruhiyəsini və gözləntilərini müəyyən etmək olub.

AB-nin barometrinin nəticəsinə görə, Ermənistanda əhalinin 67 faizi öz həyatlarından razıdırlar. Başqa ölkələrdə isə bu rəqəm 40 faizdən yüksək olmayıb.

Bəs bu necə olur... Erməni mətbuatının məlumatına görə, hər ay bu Cənubi Qafqaz ölkəsinin əhalisi faciəli şəkilədə azalır. İnsanlar təkcə Qərbə yox, AB-nin hesabatına görə, öz vətəndaşları da çox xoşbəxt olmayan Rusiya, Belarus, Gürcüstana qaçır.

Yeri gəlmişkən, elə bu informasiyanın altında oxuculardan birinin məktubu dərc edilib. Məktubda deyilir:
"Bizim binadakı 36 mənzildən yalnız 19-unda yaşayış var. Ancaq son 3 ayda 3 ailə köçüb. Mən 100% əminəm ki, həyat çox pisdir və daha da pis olacaq".

Bu ruhun qışqırığıdır. Deyəsən, bu sorğunu aparanların adi hesabdan belə başı çıxmır. Əks halda onlar Ermənistandakı əhalinin 60 faizinin öz iqtisadi vəziyyətlərindən çox narazı olduğunu qeyd etməzdilər. Bundan əlavə onlar hesab edirlər ki, bu əhalinin vəziyyəti olduqca ağırdır və qara günlər hələ qabaqdadır.

Budur mən oturub fikirləşirəm. Necə ola bilər ki, bir ölkənin vətəndaşlarının 67 faizi xoşbəxtdir, 60 faizi isə düşünür ki, vəziyyət pisdir və sabah daha da acınacaqlı olacaq. Belə çıxır ki, ermənilərin cəmi 7 faizi öz həyatından razıdır. Yəqin ki, bu da yoxsullar deyil. İndi anlamağa başalayıram ki, AB-də iqtisadi böhran başlayıb. Orada nə hesabla, nə də riyaziyyatla bağlı hər şey yolunda deyil.




DOSTLARINLA PAYLAŞ:

oyunlar