Ermənilər üçün rus toxumu
06 Mart 2013 Çərşənbə 08:00
İrəvan hökumətinin daha bir xam xəyalı kağız üzərində gerçəkləşməmiş qalıb.
İndi Ermənistanda geosiyasətlə aqrar siyasəti qarışdırıblar. Beynəlxalq siyasətdə nəhəng rus çəkməsinin kölgəsinə sığınmış İrəvan Araz qırağında yerləşən bir ovuc əkin sahəsində də rus buğdası yetişdirməyə çalışır. Nə vaxtsa 5-6 illiyinə Van gölündən Sevan gölünə kimi "dənizdən dənizə" mövcud olmuş dövlətçiliyə əsas tutaraq "Böyük Ermənistan" paranoyasına mübtəla olmuş qonşularımız, bəlkə də, bununla ruslar kimi böyük millətə çevriləcəklərini düşünürlər.

Amma ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, erməni utopiyasının bir çox komponentləri kimi bu arzu da baş tutmayıb. Ermənistanın Aparan və Talin rayonlarında 30-a yaxın kəndində əkilən rus buğdası məhsulsuz olub. Hökumət tərəfindən bu regionda fermerlərə 42 milyon dramlıq (təxminən 1,05 milyon dollarlıq) rus buğdası paylanıb. Buğdanın kiloqramı 20 sentdən hesablanıb və ümumi kütlə 5000 tondan çox olub.

Erməni hökuməti bundan əməlli-başlı pul qazanmaq niyyətində olub. Fermerlərə hektar başına 300 kiloqram toxum verilib və şərt qoyulub ki, məhsul yığımında 600 kiloqram qaytarsınlar. Həmçinin, Ermənistanın vergi qanunvericiliyinə görə, kəndli becərdiyi taxılın dörddə birini natural vergi şəklində dövlətə təhvil verməlidirlər. Həmin bölgələrdə orta məhsuldarlıq hektardan 2-3 ton arasında dəyişir. Yəni hektardan 2 ton məhsul götürən kəndli bunun 500 kiloqramını natural vergi şəklində dövlətə verən region kəndlisi 600 kiloqrama yaxın toxum haqqını da ödədikdən sonra əlində vur-tut 900 kiloqram taxıl qalır. Yəni kəndliyə 300 kiloqram rus buğdası verən dövlət ondan ən azı 1100 kiloqram buğda almaq niyyətində olub. Əldə ediləcək 18 min ton məhsul toxum kimi başqa regionlara da payalanacaqmış və beləliklə, rəsmi İrəvanın bütün Ermənistana rus toxumu əkmək arzusu gerçəkləşəcəkmiş.

Amma erməni mətbuatının yazdığına görə, rəsmi İrəvan bu niyyətinə çata bilməyib. Sadə erməni kəndlisi dövlətin bu qarətçiliyinə dözməyib və əkinlərinin qara qaldığını elan edib. Əsas səbəb kimi, rus buğdasının Araqas (Alagöz) dağının ətəklərindəki dəmyə əkinlərinin qızmar şəraitinə dözmədiyi göstərilib. Nəticədə, erməni hökuməti regiondan cəmi 3 milyon dramlıq (75 min dollarlıq) buğda yığa bilib. Beləliklə, İrəvan hökuməti verdiyi 5 min ton taxıl əvəzində cəmi 375 ton məhsul əldə edə bilib. Nəticədə, erməni hökumətinin bütün xam xəyalları kimi bu ideyası da kağız üzərində qalıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar