Ermənilər Ərdoğanın cangüdənindən şikayətçidirlər
14 Aprel 2011 Cümə Axşamı 00:37
Onlar türkiyəli cangüdənin AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvünü itələdiyini iddia edirlər
“Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu AŞ PA katibliyinə təzyiq göstərir”. Bu iddia ilə Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan çıxış edib. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın siyasi layihəsi olan “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən deputat bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana sual vermək üçün əvvəlcədən növbəyə yazılıb: “Çıxış başlamazdan əvvəl sıra nömrəmi dəqiqləşdirmək üçün AŞPA katibliyinə endim. Mən növbəm üçüncü, nümayəndə heyətinin digər üzvü Zarui Postancyan isə dördüncü idi. Amma Ərdoğanın çıxışından sonra səslənən siyahıda mən üçüncü yox, 27-di, Postancyan isə 27-ci idi. Beləliklə, biz türkiyəli baş nazirə sual vermək imkanından məhrum olduq”. Erməni deputatın fikrincə, onların sıra nömrəsinin dəyişlirilməsi Mövlud Çavuşoğlunun katibliyiə təzyiqlərinin nəticəsidir.
Naira Zöhrabyan onu da iddia edib ki, AŞPA-dakı erməni nümayəndə heyətinin katibi, Rəcəb Tayyib Ərdoğanın cangüdənlərinin əl-qol hərəkətlərinə məruz qalıb: “Ərdoğanın dəstəsində qadın cangüdənlər var idi. Onlardan biri mənim qarşımda dayanmışdı. Yanımda isə vəzifəsi xarici dillərdən ermənicəyə tərcümə etmək olan katib dayanmışdı. Cangüdən bizə bacardığı qədər mane olmağa çalışırdı, yolumuzu kəsirdi, bir dəfə isə katibimizi kobudluqla itələdi”.
DOSTLARINLA PAYLAŞ: