Erməni-türk dostluğunun 10-cu hissəsi söküldü
20 May 2011 Cümə 11:07
Heykəlin iyunun ortalarına kimi tamamilə sökülməsi planlaşdırılır
Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğuna həsr edilən “insanlıq abidəsi” heykəlinin söküntüsü davam edir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "uçube" heykəlin 42 tonluq 10-cu parçası sökülüb.
Kəsilən hissələr nömrələndikdən sonra Qars bələdiyyəsinin anbarına aparılıb. Bununla da sökülən ümumi hissələrin çəkisi 286 tona çatıb. 11-ci hissənin söküntüsü üçün işlərə başlanılıb.
Qeyd edək ki, heykəlin söküntüsünə 25 apreldən başlanılıb. Heykəlin gələn ayın ortalarına kimi tamamilə sökülməsi planlaşdırılır.
Xatırladaq ki, "İnsanlıq abidəsi" adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgənin tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirmişdi. O, məlum abidəni "uçubə” ("eybəcər") adlandırmışdı.
DOSTLARINLA PAYLAŞ: