Erməni statistikasının daha bir absurdu
30 Yanvar 2013 Çərşənbə 13:50
Qarabağ klanı ermənilər üçün hətta Özbəkistanınkından da inkişaflı aqrar sektoru yaratdığını iddia edir.
Ermənistan öz statistika yaradıcılığına görə yeni xarüqələrə imza atır və ANS PRESS-in “News.am” portalına istinadən verdiyi məlumata görə, bu, qonşu ölkənin iqtisadiyyat yazarlarını da heyrətdən dondurub.
Hər şey isə Ermənistan milli statistika xidmətinin 2012-ci ilin nəticələri ilə bağlı yaydığı açıqlamadan başlayıb. Həmin açıqlamaya görə, qonşu ölkədə 7,2% iqtisadi artım olub, sənaye məhsulları 8,8%, kənd təsərrüfatı məhsulları 9,5% artıb, tikintidə 0,2% artım olub. Bütün bunlar Ermənistanda müşahidə olunan işsizlik, yoxsulluq, miqrasiya və s.-lə uyğun gəlmir.
Buna görə də portalın müxbiri haqlı bir sual verir: “Bir çox sadə vətəndaşlar başa düşmür, niyə rəsmi göstəricilərə görə iqtisadiyyatın durumu xeyli yaxşılaşıb, amma həyatda heç bir yaxşılaşma olmayıb? Gerçəkdən, keçən il ölkə iqtisadiyyatı barədə verilən rəqəmlər ürəkaçandır, məmurlar böhranı uğurla adlamaqdan danışırlar, amma sadə insanlar narazıdır…”
Portalın müxbiri Ermənistandakı bu “uğurlu” artımın sirlərini açmağa çalışır və nəhayət tapır: “Sirr deyil ki, heyvandarlıq demək olar ki, yerində sayır və burada məhsul artımı elə də yüksək deyil. Sahənin “üzünü bitkiçilik ağardır”…”. Daha sonra müəllif kənd təsərrüfatının bu iki sahəsinin artım göstəricilərinə olan şübhəsini gizlətmir: “Keçən ilin yanvar-noyabr aylarının göstəricisinə görə, heyvandarlıq məhsulları 3,2 faiz artıb, bitkiçilik üzrə isə artım 12,8 faiz təşkil edib. Təbii ki, bütün bu rəqəmlər üçün əsas kimi kənd rəhbərlərinin hesabatı götürülür ki, onların da etibarlılığına heç cür inanmaq olmaz”.
Göründüyü kimi, iqtisadi fəaliyyət üçün geniş şərait yaratdığını iddia edən, amma bunun sadə vətəndaşların güzəranında heç əks olunmadığı açıq müşahidə edilən Ermənistan da postsovet məkanının başqa ölkələrində olduğu kimi müsbət iqtisadi artım mənzərəsi yaratmaq üçün aqrar göstəricilər üzərində kimyagərlik edir.
Bunu ANS PRESS-in Ermənistan milli statistika xidmətindən əldə etdiyi məlumatlar da təsdiq edir. Həmin məlumatlara görə, 2012-ci ildə Ermənistanda 840 414,7 milyard dramlıq, yəni təxminən 2,1 milyard dollarlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Və bu, 2009-cu ilin 552,1 milyard dram təşkil edən göstəricisindən 52 faiz çoxdur. Yəni İrəvan iddia edir ki, ölkədə istehsal edilən aqrar məhsul üç ildə 1,5 dəfə artıb. Bəlkə də, bu barədə deyilənlərlə inanmaq olardı, düşünmək olar ki, hansısa Vardenisdə yaşayan Aşotun keçən il 2 inəyi sağılırdı, yəni ildə 2 ton süd sağırdı. Bu ilsə birillik düyəsi də bala verib və indi 3 inəyi sağılır, yəni Aşot ildə üç ton süd sağır, bu da sənə 50 faizlik iqtisadi artım. Amma məsələ belə deyil, aqrar sektoru həddindən zəif olan və ərzaq məhsullarının əsas hissəsini xaricdən alan Ermənistan hətta postsovet məkanının aqrar cəhətdən ən inkişaf etmiş ölkələrindən də yüksək adambaşına göstəricilər təqdim edir.
Məsələn, ANS PRESS-in Özbəkistan Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2012-ci ildə postsovet məkanının bu yüksək inkişaflı aqrar-sənaye ölkəsində 2 4370,3 milyard sum dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. 28 milyon əhalisi olan Özbəkistan üçün bu, təxminən 437 dollara bərabər adambaşına aqrar məhsul deməkdir. 3,2 milyonluq Ermənistanın adambaşına aqrar məhsul göstəricisi isə 2012-ci il üçün 656 dollara bərabərdir.
İnkişafda Çin modelini seçmiş, Mavənnəhrin bərəkətli torpaqları üzərində qurulmuş kolxoz və sovxozları dağıtmamış, dünya bazarına ildə 3 milyon tondan çox pambıq çıxaran, özünü tam olaraq aqrar məhsullarla təmin edən Özbəkistan bütün beynəlxalq ekspertlər tərəfindən MDB məkanın ən nümunəvi ölkəsi sayılır.
Bu ölkədə geniş sürətlə inkişaf edən emal sektoru məhz kənd təsərrüfatının üzərində qurulub və Rusiya bazarlarında özbək məhsulları ilə heç bir postsovet respublikasının məhsulları rəqabət apara bilmir. Bununla belə, onun adambaşına statistik göstəriciləri kəndləri boş qalmış, torpaqları əkilməyən, ən vacib ərzaq məhsullarını xaricdən gətirən Ermənistanın göstəricilərindən 50% faiz aşağıdır. Burada artıq deməyə bir söz qalmır, erməni statistikaçılarının rəqəmləri saxtalaşdırdığı göz qabağındadır, özü də indiyə kimi görünməmiş səviyyədə saxtakarlıq…
DOSTLARINLA PAYLAŞ: