Erməni soyqırımı məsələsi bağlanıb
18 Mart 2011 Cümə 13:30
ABŞ-Türkiyə münasibətləri, Cənubi Qafqazın bu münasibətlərdə rolu, regionda təhlükəsizlik, Dağlıq Qarabağ sülh prosesi və Türkiyə-İsrail böhranı Vaşinqtonda ABŞ və Türkiyə rəsmiləri arasında fəal müzakirə olunub.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, türk diaspor təşkilatlarının martın 17-də birgə təşkil etdiyi “Türk Amerika milli liderlik konfransı, amerikalı türklərin dəstəklənməsi” mövzusunda ilk konfransda ABŞ və Türkiyənin yüksək vəzifəli rəsmiləri və analitikləri iştirak ediblər. Tədbirə Türkiyənin Avropa Birliyi məsələləri naziri Egemen Bağış, Amerikalı Türklərin Konstitusiya Hüquqlarının Müdafiəsi Fondunun nümayəndəsi Bryus Feyn (Bruce Fein), türk və Azərbaycan diaspora liderləri də qatılıb.
E. Bağış bildirib ki, ikitərəfli danışıqlar zamanı Türkiyə tərəfi ABŞ rəsmilərini Ankaranın regionla bağlı siyasəti barədə məlumatlandırıb: “Türkiyə və ABŞ arasında regional siyasətlə bağlı bəzi anlaşılmazlıqlar var, amma tərəflər bir-birinin mövqeyini və rəyini dinləyir”.
E. Bağış 24 aprelin yaxınlaşmasına toxunaraq deyib ki, Konqres üzvləri ilə bu il aparılan danışıqlar zamanı uydurma “erməni soyqırımı” məsələsi gündəmə gəlməyib: “Bu məsələ bağlanıb”.
Türkiyə və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində vasitəçi kimi mühüm rol oynadığını qeyd edən konfrans iştirakçıları Cənubi Qafqaz ölkələri ilə Türkiyə arasında sıx əməkdaşlığın vacibliyini də vurğulayıblar. Türkiyə-Ermənistan münasibətlərinə toxunan natiqlər bildiriblər ki, əgər Dağlıq Qarabağ münaqişəsi əvvəl həll olunsaydı, Ankara-İrəvan yaxınlaşması da asan gerçəkləşərdi.
ABŞ-Türkiyə münasibətlərinə dair daha bir konfrans martın 18-də, Türk-Amerika Həmrəyliyi günündə keçiriləcək.
Martın 23-də isə Corc Meyson Universiteti və Azərbaycan Tələbə Birliyi “Marvin Center“da Azərbaycan və Türkiyə gecəsi keçirəcək.
DOSTLARINLA PAYLAŞ: