Erməni diasporu Knessetdə öz sadiq lobbiçisini itirdi
05 Aprel 2011 Çərşənbə Axşamı 01:48
Xaim Oron dəfələrlə erməni soyqırımının tanınması məsələsini Knessetin müzakirəsinə çıxarmışdı
Merets partiyasının rəhbəri, İsrail parlamentinin ermənipərəst deputatı Xaim Oron (Cumas) parlamentdəki dostları və həmkarları ilə vidalaşıb. AzərTAc İsrailin İzRus portalına istinadla xəbər verir ki, Xaim Oron uzun illər İsraildə Ermənistanın və erməni diasporunun mənafelərinə lobbiçilik edirdi.
Xaim Oron son illər hər dəfə erməni soyqırımının tanınması məsələsini Knessetin müzakirəsinə çıxarırdı. Düzdür, erməni soyqırımını tanımaq üçün Knesseti inandırmaq cəhdlərinin hamısı boşa çıxmışdı, lakin o, həmin məsələni dönə-dönə qaldırırdı. Xaim Oronun Knessetdən getməklə erməni diasporu bu qurumda öz maraqlarının ən sadiq lobbiçisini itirmiş olur.
Erməni diasporunun əsas lobbiçisi təxminən 20 illik parlament fəaliyyətindən sonra özünün 71-ci ad günü ərəfəsində siyasətdən uzaqlaşır. Onu əslən Vilnüsdən olan Zaxava Qalyon əvəz edəcək. Ən radikal solçu sionistlər cinahına aid olan Qalyon son illərdə solçular düşərgəsinin çox fəal nümayəndələrindən biri kimi tanınır.
DOSTLARINLA PAYLAŞ: