Amerikadakı erməni diasporasının 24 apreldəki çıxışında soyqırımı sözündən istifadə etməyən Barak Obamaya qarşı reaksiyası davam edir. ANS PRESS-in məlumatına görə, ABŞ-da faliyyət göstərən “Amerikan Erməni Milli Komitəsi“nin (ANCA) sədri Ken Hacıkyan prezident Barak Obamaya məktub yazıb.
Məktubda, “Verdiyiniz vədə sadiq qalmamağınız erməni əsilli amerikalıları incidib” – yazılıb və Ermənistana verilən yardımların azaldılması kəskin şəkildə tənqid edilib. Mayın 18-də yazılan məktubda Azərbaycan və Türkiyə tərəfindən embarqoya məruz qalan Ermənistanda dərin iqtisadi böhran olduğu da xüsusilə vurğulanıb. Məktub, "Sizin soyqırımını qəbul etməyiniz heç bir şərtə bağlanmamalıdır",– sözləri ilə başa çatıb. /ANS PRESS/