“Ergenekon”la bağlı 12-ci həbs dalğası başlayıb
13 Aprel 2009 Bazar Ertəsi 11:50
Ankara – APA. Türkiyədə terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində 12-ci həbs dalğası başlayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, prokurorlar 50 nəfərin həbs edilməsi və onların evlərində, iş yerlərində axtarış aparılmasına dair sanksiya veriblər.
Bu sanksiya əsasında 18 bölgədə eyni anda əməliyyat başlayıb. Hədəfdə yenə əvvəlki əməliyyatlarda olduğu kimi, Türkiyənin dünyəvi dövlət sisteminin fəal tərəfdarları və mövcud AKP hökumətinin fəal əleyhdarlarıdır. Belə ki, polis Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin mərkəzi ofisində, bölgə ofislərində və dərnəyin sədri, professor Türkan Saylanın evində, Başkənd Universitetinin və “Kanal B” televiziyasının sahibi, professor Mehmet Haberalın evində, televiziyanın ofisində və universitetin xəstəxanalarında, İnönü Universitetinin keçmiş rektoru, professor Fateh Hilmioğlunun evində, Atatürkçü Düşüncə Dərnəyinin sədr əvəzi, Uludağ Universitetinin sabiq rektoru, professor Mustafa Yurdquranın evində, 19 may Universitetinin keçmiş rektoru, professor Fərid Bernayın evində axtarış aparır. Adı çəkilən şəxslərin həbs ediləcəyi gözlənilir. Müxalifət hökuməti bu əməliyyatla diqqəti AKP-nin son seçkilərdəki uğursuzluğundan və Ermənistanla sərhədlərin açılması yönündə atılan addımlardan yayındırmaq cəhdində ittiham edir.

Qeyd edək ki, “Ergenekon”la bağlı ilyarım ərzində aparılan 11 həbs dalğasında yüzlərlə insan həbs edilib. Sonradan onların bir qismi haqqında həbs-qətimkan tədbiri dəyişdirilib. Bu günə qədər “Ergenekon” işi üzrə 2 ittihamnamə hazırlanıb. 1-ci ittihamnamə üzrə məhkəmə prosesi davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar