Ərəb müşahidəçiləri Suriyaya dair ilk hesabatı təqdim edəcək
08 Yanvar 2012 Bazar 11:23
Hesabatı sudanlı general Məhəmməd Mustafa əd-Dabi təqdim edəcək.
Suriyaya müşahidəçilər qrupu göndərən Ərəb Ölkələri Liqasının xarici işlər nazirləri bu gün Misirin paytaxtı Qahirədə iclas keçirəcək. İclasda müşahidəçilər missiyasının ilk hesabatı dinləniləcək. Xarici işlər nazirlərinə ilkin hesabatı sudanlı general Məhəmməd Mustafa əd-Dabinin təqdim edəcəyi gözlənilir. Hesabatda müşahidəçilər missiyasının Suriyanın bir neçə şəhərində, o cümlədən ən çox ölüm hallarının qeydə alındığı Homs və Dəraa şəhərlərində keçirdiyi ilk 10 günün nəticələrindən bəhs edilir.
Hesabatın yekunlarına əsasən, xarici işlər nazirləri Suriyadakı missiyanın bundan sonrakı fəaliyyətini müəyyənləşdirəcəklər. Ərəb kütləvi-informasiya vasitələrinin məlumatına görə, Ərəb Ölkələri Liqasının Suriyada işləmək üçün BMT-nin təcrübəli mütəxəssislərinin köməyini istəyə bilər. Bu yaxınlarda isə Ərəb Ölkələri Liqası yaxın bir neçə gündə Suriyadakı müşahidəçilərin sayının 100-dən 150-ə artırılacağını açıqlayıb.
Xatırladaq ki, ərəb müşahidəçilər dekabrın sonlarında sudanlı general Məhəmməd Mustafa əd-Dabinin başçılığı altında Dəməşqə gediblər. Müxalifət müşahidəçilərin işindən narazılıq edərək, onları vəziyyəti düzgün qiymətləndirməməkdə və qan tökülməsinə göz yummaqda ittiham edir. İnsan haqları müdafiəçilərinin məlumatına görə, dünən Suriyada toqquşmalarda daha 27 nəfər ölüb. Onlardan 8-i Homsda, 13-ü İdlibdə, 5-i Dəməşqdə, 1-i isə Hama şəhərində öldürülüb.
Dünən həmçinin Dəməşqdə cümə günü törədilən terror aktının qurbanları dəfn edilib. 26 nəfərin dəfni hökumət tərəfindən təşkil edilib. Ölkə rəhbərliyi partlayışa görə məsuliyyəti terrorçuların üzərinə qoyub, müxalifət isə hökuməti təxribatda ittiham edib. BMT-nin hesablamalarına görə isə Suriyada ötən ilin martında anti-hökumət nümayişlərinin başlamasından bəri baş vermiş toqquşmalarda 5000-dən çox adam ölüb.
DOSTLARINLA PAYLAŞ: