Ərəb dövlətlərinə Suriya müxalifətini silahlandırmağa icazə verildi
07 Mart 2013 Cümə Axşamı 09:23
Livan, İraq və Əlcəzair Ərəb Dövlətləri Liqasının bu qərarına qarşı çıxıblar.
Ərəb Dövlətləri Liqası (ƏDL) öz üzvlərinə Suriya müxalifətini silahlandırmağa icazə verib. ANS PRESS-in “Əl Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə qərar təşkilatın xarici işlər nazirlərinin Qahirədə keçirilən görüşündə qəbul edilib. Görüşün yekunlarına dair bəyanatda deyilir ki, ƏDL hər bir ölkənin Suriya xalqına və Azad Suriya ordusuna hərbi yardım da daxil olmaqla yardım göstərmək hüququna hörmətlə yanaşır. Livan, İraq və Əlcəzair isə bəyanatı dəstəkləməkdən imtina ediblər.
Nazirlərin görüşündə qəbul edilən digər vacib qərar Suriya müxalifəti nümayəndələrinin təşkilata üzvlüyünə razılıq verilməsi barədə olub. ƏDL-nin nümayəndəsi Valid əl-Bunni bidirib ki, bu, BMT-də yer almaq istiqamətində atılmış addımdır. Suriya müxalifətinin nümayəndələri ƏDL-nin martın 26-27-də Dohada keçiriləcək növbəti tplantısında iştirak edəcəklər.
Xatırladaq ki, 2011-ci ilin payızında rəsmi Dəməşqin ƏDL-dəki üzvlüyü dayandırılıb.
DOSTLARINLA PAYLAŞ: