Ərdoğanla Obama arasında telefon danışığı olub
20 May 2010 Cümə Axşamı 05:30
“Türkiyə və ABŞ stratejik dost və nümunəvi partnyor kimi bir-birlərinə etimad göstərməli və dəstək verməlidir”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, iki ölkə lideri İranda imzalanan nüvə yanacağının mübadiləsinə dair sazişi müzakirə edib.
Rəcəb Tayyib Ərdoğan həm müttəfiqləri ilə, həm də regionda sülh ehtiyacı səbəbilə, habelə milli mənfəətlərinə uyğun səy göstərdiklərini deyib: “Bölgəmizdə əsla nüvə silahı istəmirik. Yayımlanan bəyanat qarşılıqlı etimadın inkişafı baxımından əhəmiyyətli addımdır. Türkiyə bu sazişin tələblərinin yerinə yetirilməsini yaxından izləyəcək. Türkiyə və ABŞ stratejik dost və nümunəvi partnyor kimi bir-birlərinə etimad göstərməli və dəstək verməlidir”.
Barak Obama da Ərdoğan və Braziliya prezidenti Luis İnasio Lula da Silvanın problemin diplomatik yollarla həlli üçün göstərdiyi səyləri razılıqla qarşıladığını bildirərək İranın Beynəlxalq Atom Enerjisi agentliyinə göndərəcəyi məktubu diqqətlə təqib edəcəklərini deyib: “5 ildir sizinlə dostluq və əməkdaşlıq edirik. Sizin həm ölkənizdə, həm də beynəlxalq dünyada göstərdiyiniz liderliyinizi razılıqla izləyirəm. Sizin bu prosesi diplomatik yollarla həll etmək səylərinizi yaxşı başa düşürəm. Bu prosesdə sizinlə müştərək fəaliyyətlərə davam edəcəyik. Problemin diplomatik və qəbul olunan saziş çərçivəsində həll edilməsini ümid edirəm. Əks təqdirdə BMT Təhlükəsizlik Şurasının İran üçün qəbul edəcəyi qərarları icra edəcəyik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: