Ərdoğan təhlükəli səfərə hazırlaşır
26 Mart 2013 Çərşənbə Axşamı 19:04
Türkiyənin baş naziri israilli həmkarı ilə söhbətinin təfərrüatlarından danışıb.
Ölkə parlamentində hakim partiyanın üzvləri qarşısında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə son söhbətini şərh edib. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan tezliklə Qəzzaya yollanacağına və orada əziyyət çəkən qardaş və bacılarını bağrına basacağına inandığını bildirib.
Türkiyə baş nazirinin Qəzza bölgəsinə səfərinin artıq aprel ayında baş tuta biləcəyi söylənilir.
Ərdoğan İsrailə irəli sürdüyü tələblərin yetirilməyəcəyi təqdirdə Türkiyənin heç bir qarşılıqlı addım atmayacağını bildirib. O qeyd edib ki, səfəri zamanı embarqo ilə bağlı işlərin nə yerdə olduğunu şəxsən öyrənmək istəyir.
Xatırladaq ki, Türkiyə barışıq üçün İsrail qarşısında 3 şərt irəli sürüb – rəsmi üzrxahlıq, “Mavi Marmara” gəmisində ölənlərin və zərərçəkənlərin ailələrinə təzminatın ödənilməsi, habelə Qəzza bölkəsinə qarşı təcrid siyasətinin dayandırılmasıdır.
DOSTLARINLA PAYLAŞ: