Ərdoğan İsraili nə ilə hədələdi?
06 Aprel 2010 Çərşənbə Axşamı 10:20
“Türkiyə əllərini yanına salıb oturmayacaq"
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən İsrail əleyhinə bəyanatla çıxış edib. O, ərəb dilində yayımlanan TRT informasiya telekanalına müsahibəsində bildirib ki, “biz kənarda durub, Qəzzada uşaqların necə qətlə yetirilməsinə etinasız yanaşa bilmərik. Bu vəhşilikdir”.

“Türkiyə harda olursa olsun, həmişə müsəlmanların tərəfində duracaq. Biz zəlzələdən əziyyət çəkən Çili və Haiti ilə həmrəylik nümayiş etdirmişiksə, nə üçün bunu Qəzzada yaşayan fələstinlilərə qarşı etməyək?”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə əllərini yanına salıb oturmayacaq. O, bununla işarə edərək bildirib ki, əgər İsrail yenidən Qəzza zolağına hücum edərsə, türklərin Fələstin-İsrail münaqişəsinə müdaxiləsi daha real olacaq.

“Biz həmçinin İslam dünyası üçün mühüm olan Qüds probleminə də biganə qala bilmərik. Ölkəmizin Qərblə münasibətdə olmasına baxmayaraq, biz heç vaxt Şərqə arxa çevirməyəcəyik. Türk və ərəblər qardaşdırlar, biz həmişə yaxın olacağıq. Bizim həyat dəyərlərimiz eynidir. Biz qara buludların Qüds üzərini almasını seyr etməyəcəyik. O, bizim mədəniyyətimizin incisidir”, - deyə Ərdoğan əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar