Eməni-türk "dostluq abidəsi"nin söküntüsü başladı
18 Aprel 2011 Bazar Ertəsi 10:58
Qarsdakı abidənin götürülməsi üçün ilk texniki iş aparılıb
Türkiyənin Qars şəhərindəki “insanlıq abidəsi” heykəlinin uçurdulmasına başlanılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün erməni-türk dostluq heykəlinin götürülməsi üçün ilk texniki iş aparılıb.

Bölgədə təhlükəsizlik tədbirləri görülüb və adıçəkilən əraziyə avtomobillərin girişi qadağan edilib. Yağan şiddətli yağışa baxmayaraq, ilk olaraq ekskavatorla abidənin təməl daşları sökülüb, ətrafının torpağı təmizlənib.

Heykəlin götürülməsi üçün isə İstanbul şəhərindən 200 tonluq qaldırıcı kran gətirilir. Abidənin yuxarıdan aşağıya doğru kəsilərək götürüləcəyi açıqlanıb.

Xatırladaq ki, "İnsanlıq abidəsi" adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgənin tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirmişdi. O, məlum abidəni “eybəcər” ("uçubə") adlandırmışdı.

Abidənin sökülməsi ilə bağlı məhkəmə qərarı da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar