Elnur Aslanov: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaq”
04 Mart 2011 Cümə 13:31
Elnur Aslanov: "Ermənistan bu uğursuz siyasət nəticəsində hər gün öz vətəndaşlarını itirir”.
“Azərbaycanın inkişafı, Ermənistanın isə günbəgün tənəzzülə uğraması onu göstərir ki, zaman gələcək ermənilər Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaqlar”. Bunu “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin www.karabakh.az internet saytının təqdimat mərasimində Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
E. Aslanov Azərbaycan günbəgün inkişaf etdiyini vurğulayıb: “Ermənistan isə təcavüzkar siyasətini davam etdirir. Ermənistan hakimiyyəti bir müddət sonra işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilərək, sülh sazişi imzalamağa məcbur olacaq. Ermənistan bu uğursuz siyasət nəticəsində hər gün öz vətəndaşlarını itirir”.
Azərbaycanın informasiya müharibəsində Ermənistanı üstələdiyini deyən E. Aslanov bu üstünlüyü saxlamaq üçün güclü layihələrin həyata keçiriləcəyini də söyləyib: “Artıq Azərbaycanda erməni dilində media vasitələri fəaliyyət göstərir. Ermənistan isə bu məsələdə də Azərbaycandan geri qalır. Biz erməni dilində bu istiqamətdə fəaliyyətimizi nümayiş etdirməklə tolerantlığımızı nümayiş etdiririk”.
E. Aslanov vurğulayıb ki, hər bir azərbaycanlı informasiya müharibəsində aktivlik nümayiş etdirməlidir: “İnternetdə Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlara daim rast gəlmək olur. İnternetlə təmasda olan hər bir azərbaycanlı bu məsələyə diqqət yetirməlidirlər. Çünki Azərbaycan haqda maraqlanan xaricilər ölkəmiz haqqında məlumatı, əsasən, internetdən alırlar”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: