Əhmədinejat, yoxsa Musəvi?
11 İyun 2009 Cümə Axşamı 17:50
Sabah – iyunun 12-də İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək.
APA-nın məlumatına görə, seçkilərdə 4 namizəd – indiki prezident Mahmud Əhmədinejat, sabiq baş nazir Mirhüseyn Musəvi, parlamentin keçmiş sədri Mehdi Kərrubi və İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai mübarizə aparacaq. Lakin yarışın əsas favoritləri M. Əhmədinejat və M. Musəvidir.

M. Əhmədinejat (Saborcian) 1956-cı ildə Semnan ostanında (vilayət) dünyaya gəlib. Tehran Universitetini bitirib. İxtisasca nəqliyyat mühəndisidir. 1997-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1980-ci ildə könüllü olaraq İran-İraq müharibəsinə yollanıb. 80-ci illərin sonunda Qərbi Azərbaycanın Xoy və Maku şəhərlərinin meri olub, 1993-cü ildə Ərdəbilin ostandarı (qubernatoru) təyin edilib və 1997-ci ildə Məhəmməd Hatəminin prezident seçilməsindən sonra istefa verib. 2003-cü ildə Tehran şəhərini meri seçilib. 2005-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda Əli Əkbər Haşimi Rəfsəncani üzərində qələbə çalaraq prezident seçilib.

M. Əhmədinejat seçki ərəfəsində mühafizəkar qüvvələri öz ətrafında birləşdirməyə nail olub. Hətta prezidentliyə namizədliklərini irəli sürəcəkləri gözlənilən və hökumətin iqtisadi siyasətini tənqid edən parlament sədri Əli Laricani və Tehran meri Məhəmməd Bağır Kalibaf kimi nüfuzlu siyasətçilər də mühafizəkar düşərgənin səslərini parçalamaqdan vaz keçərək M. Əhmədinejatı dəstəkləmək qərarına gəliblər. Bundan başqa, parlamentdəki mühafizəkar millət vəkilləri M. Əhmədinejata dəstək xarakterli bəyanata imza atıblar. Bu düşərgədən yalnız populyarlığı az olan M. Rezai namizədliyini irəli sürüb. Maraqlıdır ki, M. Rezai 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərindəki yəhudi mərkəzində baş verən terror aktına görə İnterpol tərəfindən beynəlxalq axtarışdadır.

Mənşəcə türk (azərbaycanlı) olan Mirhüseyn Musəvi 1941-ci ildə Qərbi Azərbaycan ostanında dünyaya gəlib. Tehran Universitetinin memarlıq fakültəsini bitirib. Şah rejimini devirən 1979-cu il islam inqilabında fəal iştirak edib. İnqilabdan sonra – 1980-81-ci illərdə şiddətlənən daxil siyasi mübarizədə dini lider ayətulla Xomeyninin ardıcıl tərəfdarı kimi tanınıb. 1981-ci ildə xarici işlər naziri, həmin ilin payızında isə baş nazir təyin edilib və indiki dini lider Əli Xamneyinin iki prezidentlik dövründə - 8 il onunla birlikdə çalışıb. 1989-cu ildə Xomeyninin vəfatından sonra ölkədə Konstitusiyaya dəyişiklik edilib və baş nazir postu ləğv edilərək M. Musəvi də avtomatik olaraq istefaya göndərilib. Böyük siyasətdən getməsinə baxmayaraq, M. Musəvi İran elitasını tərk etməyib. O, İran İncəsənət Akademiyasının, Ali Mədəniyyət Şurasının və Haşimi Rəfsəncaninin başçılıq etdiyi Qərarların Məqsədəuyğunluğu üzrə Şuranın üzvüdür. Bu ilin aprelində M. Musəvi Ə. Xamneyi ilə görüş keçirib. Sirr deyil ki, İranda dini liderin razılığı olmadan heç kim prezidentliyə namizəd kimi qeydə alına bilməz.

M. Musəvi islahatçıların namizədi kimi önə çıxıb. O, qadınların hüquqlarının genişləndirilməsini, əxlaq polisinin fəaliyyətinin dayandırılmasını, özəl telekanallar açılmasını, hökumətin fəaliyyətində şəffaflığın təmin edilməsini istəyir. M. Musəvi iqtisadiyyatda liberallaşmanın, xarici siyasətdə isə dialoq xəttinin tərəfdarıdır. O, M. Əhmədinejatın Holokostu (yəhudi soyqırımı) inkar etməsini pisləyərək bunun İranın imicinə mənfi təsir göstərdiyini vurğulayıb və ABŞ-İran münasibətləri yaxşılaşarsa, Barak Obama ilə görüşməyə hazır olduğunu söyləyib. Sabiq baş nazir ölkənin nüvə proqramının dayandırılmasına qarşıdır, ancaq proqramın dinc xarakterini təmin edəcək sistemin yaradılmasını istəyir. İran tarixində ilk dəfə olaraq bir namizədin həyat yoldaşı da seçki kampaniyasında fəal iştirak edir. M. Musəvinin həyat yoldaşı, Tehran Universitetinin memarlıq fakültəsinin dekanı olan Zəhra Rahnavard seçkiqabağı mitinqlərdə çıxış edərək qadın hüquqları problemini gündəmdə saxlayır. M. Musəvi gənc seçicilərlə əlaqə saxlamaq üçün internetin imkanlarından da yararlanır və bu məqsədlə “Facebook” şəbəkəsindən istifadə edir. İrandakı Azərbaycan türklərinin seçki yarışında M. Musəviyə üstünlük verdiyi şübhəsizdir. Əgər seçki ikinci tura qalarsa, digər islahatçı namizəd Mehdi Kərrubinin seçiciləri də M. Musəviyə səs verəcək.

Qeyd edək ki, İranda 46 milyondan çox seçici var.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar