Bu gün İran İslam Republikasında prezident seçkisində yenidən qalib gəlmiş Mahmud Əhmədinejatın andiçmə mərasimi olub. "Reuters" agentliyinin məlumatına görə, andiçmə mərasimində prezident Əhmədinejad Qərbin təbrik məktubunu gözləmədiyini bildirib. O, andiçmə mərasimindən sonra çıxış edərək deyib ki, bəzi Qərb liderləri keçirilən seçkinin nəticələrini tanımaq qərarına gəliblər, lakin yeni prezidenti təbrik etmək niyyətində deyillər. Elə İranda da heç kim onların təbrikini gözləmir.
İran müxalifəti bu gün paytaxt Tehranda Əhmədinejada qarşı geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır.
Ötən gün ABŞ da Əhmədinejadı İran prezidenti olaraq tanıyıb, amma prezident seçilməsi münasibəti ilə təbrik etməyib. Fransa, Almaniya və İngiltərə isə İran prezidentini təbrik etməyəcəklərini açıqlayıblar.
İranda prezident seçkisi iyun ayının 12-də keçirilib. Seçkinin nəticəsinə görə, Mahmud Əhəmdinejad seçicilərin 60 faizindən çoxinin səsini toplayaraq yenidən prezident seçilib. Nəticələrlə razılaşmayan müxalifət isə küçələrə çıxıb. Baş vermiş toqquşmalar nəticəsində 20 nəfər ölüb, yüzlərlə adam yaralanıb. /ANS PRESS/