Əhməd Davudoğlu: Suriya ilə bağlı mövqeyimiz dəyişməzdir
04 Dekabr 2011 Bazar 14:34
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu almaniyalı həmkarı ilə görüşdə belə deyib.
Almaniyada səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bonn şəhərində alman həmkarı Qido Vestervelle ilə görüşüb. Müzakirələrdən sonra hər iki nazir birgə mətbuat konfransı keçirib. Əhməd Davudoğlu Qido Vestervelle ilə Suriyadakı vəziyyəti müzakirə etdiklərini bildirib və Suriya ilə bağlı mövqelərinin dəyişmədiyini bəyan edib.

"Bizim Suriya ilə bağlı mövqeyimiz aydındır və bəzi prinsiplərə əsaslanır. Təəssüf ki, Suriya Türkiyənin, Ərəb Liqasının və dünya ictimaiyyətinin əsaslı narahatlığına və tələblərinə məhəl qoymadı və öz xalqına qarşı təzyiq siyasətini davam etdirərək, bizə başqa yol buraxmadı. Onlar həmçinin Ərəb Liqasının və Türkiyənin ən son təşəbbüsünə də məhəl qoymadılar və Ərəb Liqasının Suriyaya müşahidəçilərin göndərilməsinə dair təklifini rədd etdilər. Hər gün gözümüzün qarşısında insanların öldürülməsinə biganə qala bilmərik. Öz səsimizi qaldırmışıq və qaldıracağıq. Bu mənada, Suriyaya qarşı sanksiyalar tətbiq etdik. Suriya xalqına zərər dəyməməsi üçün bu sanksiyalar siyahısını çox ehtiyatla seçmişik".

Əhməd Davudoğlu həmçinin Suriya hökumətinin Türkiyənin cənub-şərqindəki konsulluğunu bağlamaq qərarına da münasibət bildirib. "Bu onların öz qərarıdır, lakin öz ürəklərini öz xalqları üçün açsalar, yaxşı olardı".

Almaniyanın xarici işlər naziri Qido Vestervelle də Türkiyənin Suriyaya dair mövqeyini bölüşdüklərini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar