Əhməd Davudoğlu erməni deputatın cavabını verdi
13 Aprel 2011 Çərşənbə 03:23
“Azərbaycanın işğal edilmiş əraziləri azad edilməsə, nə qədər dözümlülük və dözümsüzlükdən danışsaq da heç bir xeyiri olmayacaq”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaz sessiyasının aprelin 12-də keçirilmiş iclasında AŞ Nazirlər Komitəsinin hazırda fəaliyyətdə olan sədri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu başçılıq etdiyi qurumun sessiyalararası fəliyyətindən danışıb və deputatların ona ünvanladığı suallara cavab verib.

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zohrabyan ulu babalarının suyu bulandırmaq, başqa xalqlara iftira və böhtan atmaq kimi adətlərinə və vərdişlərinə sadiq qalaraq, Nazirlər Komitəsinin sədrinə diplomatik gediş edib, dözümlülük məsələsinin Türkiyənin quruma rəhbərlik etdiyi vaxtda da əsas prioritetlərdən biri olduğunu xatırladıb, dinlərarası dialoq və dözümlülük məsələsindən danşarkən Azərbaycanın guya başqa dinlərə hörmətlə yanaşmadığını bəyan edib, buna guya Naxçıvan ərazisindəki erməni qəbrlərinin dağıdılması kimi cəfəng və uydurma bir misal gətirib, Nazirlər Komitəsinin bununla bağlı özünün faktaraşdırıcı missiyasını göndərib-göndərməməsi ilə bağlı sual verib.

Əhməd Davudoğlu erməni deputatının sualına cavabında bu məsələnin ümumiyyətlə Nazirlər Komitəsində müzakirə edilmədiyini diqqətə çatdıraraq deyib ki, bu məsələ haqda hər hansı bir konkret məlumatı olmadığı üçün onun üzərində dayanmaq istəməzdi: “Çünki bu məsələ ümümiyyətlə NK-nin iclaslarında müzakirə edilməmişdir. Amma Türkiyə xarici işlər naziri qismində onu deyə bilirəm ki, istər Qafqaz, istərsə də Balkan bölgələrində biz prioritet məsələ kimi ilk olaraq tolerantlıq siyasətini yürüdürük. Hesab edirik ki, hamı özünü belə aparmalıdır. Bunu həmçinin Cənubi Qafqaz bölgəsində gərginlik yaradan tərəflər də ilk növbədə həyata keçirməlidirlər. Misal üçün, ilk növbədə yaxşı olar kı, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad edilsin, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılsın. Bunsuz nə qədər dözümlülük və dözümsüzlükdən danışsaq da heç bir xeyiri olmayacaq. İlk növbədə bunu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Amma biz hesab edirik ki, Qafqaz xalqları bir-birinə qarşı hörmətlə yanaşaraq, həmişə birgə yaşamışlar və bundan sonar da yaşaya biləcəklər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar