Əfqanıstanda Taliban qüvvələri ilə döyüşlər davam edir
16 Aprel 2012 Bazar Ertəsi 07:02
Yerli mətbuat prezident Həmid Kərzaiyə qarşı da hücum olması barədə xəbər yayıb.
Əfqanıstanın paytaxtı Kabildə Taliban qüvvələri tərəfindən törədilən partlayışların ardından ölkədə vəziyyət gərginləşməyə başlayıb. Ötən gün üsyançılar paytaxtın bir çox bölgəsində, eləcə də, ölkənin şərq əyalətlərində döyüşləri davam etdiriblər. Qardez şəhərində yarımçıq tikintilərdə silahlı qruplaşmalara qarşı aparılan əmliyyatların görüntüləri yayımlanıb. Taliban qüvvələri hücumlar nəticəsində hökumət qüvvələri tərəfindən çoxlu itki olduğunu iddia etsə də, əfqan rəsmiləri təhlükəsizlik qüvvələri tərəfindən heç kimin öldürülmədiyini qeyd edib.
Daxili işlər nazirliyindən verilən məlumata görə isə, partlayış nəticəsində 17 silahlı qruplaşma üzvləri öldürülüb. Həmçinin, 11-i Kabildə olmaqla 14 polis əməkdaşı xəsarət alıb. Məlumata görə, hücumların əsas hədəfi ölkədə fəaliyyət göstərən NATO bazaları, parlament binası və xarici səfirliklər olub. İngiltərə səfirliyi bombalı hücumun törədildiyini təsdiq etsə də, xəsarət alan olmadığını qeyd edib. Yerli media, həmçinin, prezident Həmid Kərzaiyə qarşı da hücum olduğu xəbərini yayıb. Lakin prezidentin nümayəndəsi xəbəri təkzib edib. Şahidlərin sözlərinə görə, hücum edən şəxslər yerli qiyafədə olublar və onlardan birinin polisə atəş açması nəticəsində polis ölüb.
Hücumlar nəticəsində, eyni zamanda, 14 mülki vətəndaşın da yaralandığı qeyd edilir. Talibanın sözçüsü Zəbiullah Mücahid bildirib ki, hücumlar əfqan rəsmilərinə və xarici qüvvələrə Talibanın hələ də güclü olduğunu göstərən ismarıc olub. Onun sözlərinə görə, bu ismarıc, əsasən, NATO-nun baş katibi Anders Foq Rasmussen və onun sözçüsü Karsten Yakobsona ünvanlanıb. Adı çəkilən rəsmilər Talibanın artıq əvvəlki gücünü itirdiyni və hökumətə güclü müqavimət gösətərmək iqtidarında olmadığını bildirmişdi.
DOSTLARINLA PAYLAŞ: