Əfqanıstanın Pakistanla sərhədinə yaxın Nanqarhar əyalətinin Şirzad və Xoqiani bölgələrində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 60-a çatıb, 100-dən artıq adam yaralanıb. Zəlzələ qurbanlarının sayının artacağı gözlənilir. Rixter cədvəli üzrə 5,5 bal gücündə olan ilk yeraltı təkan gecə saat 2 radələrində Hindiquş dağlarında baş verib və nəticədə yüzlərlə ev dağılıb. Zəlzələnin episentri paytaxt Kabildən 85 kilometr cənub-şərqdə və Pakistanın Pişəvar şəhərindən 140 kilometr qərbdə olub.
Əfqanıstan ordusunun bölmələri artıq təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işə başlayıblar. Hazırda dağıntılar altında qalanların axtarışı davam edir.
Qeyd edək ki, Hindiquş dağları rayonu seysmik zonada yerləşdiyindən, burada müntəzəm olaraq yeraltı təkanlar qeydə alınır. Bu səbəbdən yerli sakinlər evlərini gildən inşa edirlər. Regionda sonuncu dəfə güclü zəlzələ 2005-ci ilin dekabrında baş verib. Həmin vaxt Rixter cədvəli üzrə 6,7 bal gücündə yeraltı təkanlar 10 nəfərin həyatına son qoymuşdu. /ANS TV/