Əfqanıstanda baş vermiş terror nəticəsində 14 nəfər ölüb
01 Aprel 2009 Çərşənbə 19:10
Prezident Həmid Kərzainin qardaşına yönəlmiş hadisə zamanı Əhməd Kərzaiyə xəsarət dəyməyib

Əfqanıstanda növbəti terror hadisəsi baş verib. Ölkənin cənubunda hərbi formada olan 3 kamikadze hökumət idarəsinə daxil olaraq özlərini, 4-cü kamikadze isə minalanmış avtomobili partladıb. Hadisə nəticəsində 4 kamikadze də daxil olmaqla 14 nəfər həlak olub. "Taliban" qruplaşması Qəndəhar şəhərinin əyalət Şurasında törədilmiş qanlı aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, Qəndəhar əyalət Şurasına prezident Həmid Kərzainin qardaşı Əhməd Vali Kərzai rəhbərlik edir. O, bildirib ki, terror aktı qəbilə liderləri ilə görüş zamanı törədilib və əyalətin təhsil direktoru, səhiyyə direktorunun müavini həlak olanlar arasındadır. Daha 17 nəfərin yaralandığı bildirilir. Əhməd Vali Kərzainin sözlərinə görə, o, Şura idarəsinin binasını 5 dəqiqə əvvəl tərk etdiyindən xəsarət almayıb. O, eyni zamanda qanlı aksiyanı həyata keçirənlərin onu hədəfə aldıqlarını deyib. Qeyd edək ki, son günlər Əfqanıstanda vəziyyət gərginləşib. Son 3 gün ərzində gedən döyüşlərdə 60 taliban üzvü öldürülüb. Xatırladaq ki, taliblər sonuncu dəfə fevral ayında paytaxt Kabildə dövlət idarələrinə hücum təşkil etmişdilər. Həmin vaxt baş vermiş toqquşmada 20 nəfər həlak olmuşdu. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar