Efiopiya ordusu Somali ərazisinə girdi
20 Noyabr 2011 Bazar 04:19
Hərbçilər qonşu ölkə ərazisində düşərgə salıblar.
Efiopiya qoşunları qonşu Somali əraziçinə daxil olublar. Məlumatı “Reuters” agentliyi şahidlərə istinadən yayıb.
Yerli sakinlərin məlumatına görə, Efiopiya ordusunun zirehli texnikaları Somali ərazisində təxminən 80 kilometr irəliləyiblər. Ümumilikdə, sərhədi 30 zirehli maşın və hərbi yük maşını, eləcə də, müəyyən sayda əsgər keçib. Şahidlər bildiriblər ki, hərbçilər Somali ərazisində düşərgə salıblar.
“Reuters” bildirir ki, Efiopiya ordusu tez-tez Somali sərhədini keçir. Lakin indiyədək qoşunlar qonşu ölkənin ərazisində irəliləməmişdilər.
Efiopmya hökumətinin mətbuat katibi faktı nə təsdiq, nə də təkzib edib. Lakin hakimiyyət dairələrindəki mənbə bildirib ki, Efiopiya ordusu “Əl Qaidə” ilə bağlı “Əl Şəbab” qruplaşmasına qarşı mübarizədə Keniyaya yardım edir. Somalinin əhəmiyyətli hissəsi “Əl Şəbab”ın nəzarəti altındadır.
DOSTLARINLA PAYLAŞ: