Edama məhkum edilən iranlı qadın azad edilməyib
10 Dekabr 2010 Cümə 14:35
Səkinə Məhəmmədi Aştianinin axtarış üçün evinə gətirildiyi bildirilir
Ərinə xəyanət etməkdə təqsirləndirilərək, ölüm hökmünə məhkum edilmiş İran vətəndaşı Səkinə Məhəmmədi Aştianinin azad edilməsi faktı yalan çıxıb. İranda ingilis dilində yayımlanan "Press TV" kanalı internet saytında yerləşdirdiyi məlumatda 43 yaşlı iranlı qadının sərbəst buraxılması barədə yayılan məlumatlara əsas verən fotoların əslində hadisə yerinin araşdırılması üçün qadının evinə aparıldığı zaman çəkildiyini bildirib.

Aştianinin evində aparılan yoxlamanın "Press TV"də yayımlanacağı qeyd olunub.

Çərkəzi Almaniyada olan Daşqalaq əleyhinə Beynəlxalq Komitənin nümayəndəsi Mina Əhədi Səkinə Aştianinin oğlu və vəkili ilə birgə azadlığa buraxılması barədə məlumat vermişdi. Komitənin nümayəndəsi Səkinə Məhəmmədi Aştianinin azadlığa buraxılması barədə məlumatın televiziya vasitəsilə də yayılacağını da qeyd etmişdi.

Zinada günahlandırılan Səkinə Aştianinin daşqalaq yolu ilə ölüm hökmünə məhkum edilməsi Qərbdə ciddi etirazlara səbəb olmuşdu. Bununla əlaqədar İran hakimiyyəti iyulun əvvəllərində edamı təxirə salmaq məcburiyyətində qalıb. İranın xarici işlər naziri Manuçöhr Mottaki isə noyabrda Gürcüstana səfəri zamanı bəyan etmişdi ki, Səkinə Məhəmmədi Aştiani ilə bağlı son qərar qəbul edilməsə də, hökm yumşaldıla bilər.
Edam hökmünə məhkum edilmiş iranlı qadının müdafiəsinə bir sıra tanınmış ictimai xadimlər, o cümlədən, Fransanın birinci xanımı Karla Bruni-Sarkozi qalxıb. Braziliya prezdenti Luis İnasiu Lula da Silva isə Səkinə Məhəmmədi Aştianiyə sığınacaq vəd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar