Dünyanın ən zəngin adamı özünə ayda 24 min dollar maaş verir
16 İyul 2010 Cümə 15:10
Dünyanın ən zəngin adamı olan meksikalı Karlos Slimin özünə ayda cəmi 24 min dollar maaş verdiyi ortaya çıxıb.
“APA-ECONOMICS”in xəbərinə görə, 2002-ci ildə Karlos Slim haqqında avtobioqrafik kitab yazan Jose Martinez onun dünyanın ən varlı adamı seçilməsindən sonra kitabını yenidən nəşr edib.
Kitabda yazılanlardan bəlli olur ki, 53,5 mlrd. dollar sərvətin sahibi olan Karlos Slim 200 mln. nəfər abunəçi ilə Latın Amerikasının ən böyük mobil operatorunun - “America Mobil”in səhmlərinin 40%-nə nəzarət edir, son 6 ildə Latın Amerikası ölkələrinə 60 mlrd. dollar sərmayə qoyub, ABŞ-ın məşhur “New York Times” qəzetinə böhrandan çıxması üçün 250 mln. dollar borc verib.
Bütün bunların müqabilində isə dünyanın ən zəngin adamı ayda cəmi 24 min dollarla keçinir və plastik saat taxır. “Özüm də qənaətkaram, oğullarım da. Bunu nizam-intizamla deyil, öz istəyim və inancımla edirəm. Məni digər iş adamlarından fərqləndirən əsas xüsusiyyət isə heç vaxt siyasətçilərlə iş qurmamağımdır” - deyə Karlos Slim qeyd edib.
Qeyd edək ki, 70 yaşlı Karlos Slim 6 uşaqlı ailənin 5-ci övladıdır. Onun özünün də 6 uşağı var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: