Dünyada ilk dəfə çadralı TV işə başlayıb
23 İyul 2012 Bazar Ertəsi 09:43
Kanalda işçilər yalnız qadınlardan ibarət olacaq.
Misirin paytaxtı Qahirənin Abbasiyyə səmtində dünyanın ən nadir telekanallarından biri işə başlayıb. “AzərTAc” xarici KİV-ə istinadən xəbər verir ki, “Əl Ümmə” telekanalının bazasında yaradılan “Məryəm TV”də işçilər qadınlardan ibarətdir. Üstəlik, onların hamısı çadralı və niqablıdır.
Telekanalın yaradıcısı, təşəbbüskarı və maliyyə mənbəyi Misirdə iqtidara gəlmiş “Nur” sələfi partiyasıdır. “Məryəm TV” informasiya telekanalıdır və burada çalışanlar sürücüdən, mühafizəçidən tutmuş, redaktor və aparıcıya qədər hamısı xanımlardır.
Sabiq prezident Hüsni Mübarəkin hakimiyyətdə olduğu illərində Misir yetərincə mühafizəkar cəmiyyətə malik müsəlman ölkəsi olsa da, çarşab və niqablı xanımlar universitetlərdə oxumaq, işə qəbul olunmaq və sair ilə bağlı ciddi problemlərlə üzləşmələrindən şikayətlənirdilər. Lakin inqilabdan sonra vəziyyət dəyişib.
“Məryəm TV”nin rəhbəri Səfaa Rəfai əl Şeyxin dediyinə görə, telekanalın yaradılması ölkədəki dəyişikliklərdən xəbər verir. Aparıcı xanımlarımızın çarşabda və niqabda olmalarına gəldikdə isə, burada problem görmürəm. Televiziya aparıcısı məlumatları səsi ilə çatdırır. Vücudun burada heç bir rolu yoxdur. Səsimin tonu emosiya və reaksiyalarımı çox yaxşı çatdırır. Eyni zamanda, efirdə belə aparıcının olması bütün müsəlmanlara göstərəcək ki, hicablı və niqablı xanımlar da bütün problemlərə rəğmən, cəmiyyətdə uğur əldə edə bilərlər.
“Məryəm TV” proqramlarını Abbasiyyə səmtindəki kiçik mənzildə hazırlayır. Hələlik redaksiya və studiya funksiyalarını yerinə yetirən telekanal bir müddət sonra daha geniş məkana köçmək niyyətindədir.
Telekanalda çalışan Abir Şahin deyib ki, niqabda olduğu üçün indiyədək iş tapmaqda çətinlik çəkirdi. Yeni telekanalda işləməyimə çox sevinir.
DOSTLARINLA PAYLAŞ: