Dünyada 12.5 milyon dollar milyoneri var
03 İyun 2011 Cümə 02:23
Keçən il qlobal sərvət 8 faiz çoxalaraq 121.8 trilyona çatıb
Dünyada dollar milyoneri sayı keçən il əvvəlki ilə nisbətən 12.2 faiz çoxalaraq 12.5 milyona çatıb. “Boston Consulting Group” (BCG) şirkətinin keçirdiyi araşdırmalara görə, keçən il milyoner sayında ən sürətli artımın olduğu ölkə 31 faizlə Çin olub. Dünyanın 2-ci böyük iqtisadiyyatına sahib olan Çində milyoner sayı 1.1 milyona çatsa da, ölkə bu kateqoriyada 3-cü sıradadır.
Qeyd edək ki, dünyada milyoner sayına görə ilk yeri 5.2 milyon nəfərlə ABŞ tutur. İkinci yerdə isə 1.5 milyon nəfərlə Yaponiya var. Çin isə bu siyahıda üçüncü yeri tutur. İngiltərədə 570 000, Almaniyada isə 400 000 nəfər milyoner var.
BCG-nin qlobal aktiv hesabatına görə, keçən il qlobal sərvət 8 faiz çoxalaraq 121.8 trilyona çatıb. Qeyd edək ki, keçən il aktivlərdə meydana gələn 8 faizlik artımın qlobal iqtisadi böhranın təsirində qaldığı bildirilir. Belə ki, 2002 – 2007-ci illər arasında bu rəqəm 11 faiz olub. Yaponiyada meydana gələn zəlzələnin qarşıdakı illərdə qlobal sərvət artımını yavaşlatması gözlənilir. Mütəxəssislərin təxmini hesablamalarına görə, 2011 – 2015-ci illərdə qlobal sərvət 6 faiz çoxalaraq 162 trilyona çatacaq.
DOSTLARINLA PAYLAŞ: