Dünya gücləri Ermənistanı sülhə sövq edir?
26 May 2011 Cümə Axşamı 22:13
Politoloqlar hesab edir ki, beynəlxalq aləm Ermənistanı təcavüzkar mövqeyindən geri çəkilməyə məcbur edəcək
Bəlli oldu]u kimi, bu gün “G-8” sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat imzalayıb. Prezidentlər bəyanatda Azərbaycan və Ermənistan liderlərini əhalini müharibəyə deyil, sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa çağırıblar.
“Prosesin uzadılması tərəflərin əldə olunan razılaşmalara sadiq qalması məsələsini sual altına qoya bilər. Razılaşma əldə olunduqdan sonra biz bu prinsipləri rəsmi qəbul etdiyinizi açıqlamağa, sülh sazişinin hazırlanmasına yardım göstərməyə, beynəlxalq tərəfdaşlarımızla birlikdə onun həyata keçirilməsinə dəstək verməyə hazırıq. Biz təsdiq edirik ki, yalnız danışıqlar yolu ilə nizamlanma sülh, sabitlik və barışığa gətirib çıxara, regional inkişaf və əməkdaşlıq üçün imkanlar yarada bilər. Əminik ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülh yolu ilə nizamlanmaya doğru addım atmasının vaxtı çatıb. Martın 5-də Soçidə müzakirə olunan əsas prinsiplərin son versiyası hamı tərəfindən məqbul sayıla biləcək sülh nizamlanması üçün ədalətli və balanslaşdırılmış əsas yaradır. Bu sənəd tərəflərə mövcud qəbul olunmaz vəziyyətdən çıxmaq imkanı yaradır”, - deyə bəyanatda vurğulanıb.
Məsələ ilə bağlı fikirlərini açıqlayan politoloq Rasim Musabəyov hesab edir ki, həmsədr ölkə prezidentlərinin Davil bəyanatı vacib çağırışdır. Bu, iyunun 25-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Kazan şəhərində baş tutacaq görüşünə hazırlıq məqsədi daşıyır. R.Musabəyovun sözlərinə görə, “sülhə hazırlamaq” o deməkdir ki, tərəfləri kompromisə hazırlamaq lazımdır: “Onlara izah etmək lazımdır və bunun müqabilində işləri tamamlayaraq Kazanda prinsiplərin qəbulunu elan etmək vacibdir”.
Politoloq deyir ki, əslində prezidentlər bu razılaşma əldə olunarsa, onu aşıq şəkildə dəstəkləyə də bilərlər, təminatçı kimi çıxış da edə bilərlər. Həmçinin onlar sülh prosesində bilavasitə iştirak etməyə də hazırdırlar.
Bəyanata münasibət bildirən YAP icra katibinin müavini Mübariz Qurbanlı isə qeyd edib ki, həmsədr ölkə prezidentlərinin bəyanatı və münaqişənin həllinə dair müddət göstərməsi müsbət haldır. Bu onu göstərir ki, həmsədr ölkələr bu problemin bölgə üçün nə qədər təhlükəli olduğunu anlayır və qəti mövqe ortaya qoyaraq, əslində təcavüzkar Ermənistanı kompromisə sövq etməyə çalışırlar.
M. Qurbanlı hesab edir ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin bu qətiyyətli mövqeyi Ermənistanın təcavüzkar mövqeyindən geri çəkilməsi ilə nəticələnəcək. Onun sözlərinə görə, bu bəyanat münaqişənin həlli ilə əlaqədər irəliləyişə səbəb ola bilər: “Vaxt isə Ermənistana verilir. Çünki Azərbaycanın ərazisi işğal olunub. Ermənistan kompromis və sülhə sövq edilir”.
DOSTLARINLA PAYLAŞ: